Tərtərdə “Dayanıqlı Qayıdış” gənclərin yay düşərgəsi fəaliyyətə başlayıb
Tərtər, 1 iyul, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Tərtər Olimpiya İdman Kompleksində “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri üçün” layihəsi çərçivəsində “Dayanıqlı Qayıdış” gənclərin yay düşərgəsi fəaliyyətə başlayıb. Düşərgənin təşkil olunmasında məqsəd Qarabağın davamlı inkişafı üçün tələbələri, gənc peşəkarları və gənclər təşkilatlarının üzvlərini bir yerə toplayaraq müvafiq istiqamətdə görülən işlərə töhfə verməkdir. Düşərgədə 60 gənc istirahət edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, düşərgədə gənclərlə görüşən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov onlara rayonun infrastrukturu, inkişaf proqramı, Vətən müharibəsində ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində rayonun infrastrukturuna, mülki vətəndaşlara dəymiş ziyan barədə məlumat verib. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində Tərtər şəhərinə və yaşayış məntəqələrinə 16 min 277 top, tank, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Bunun nəticəsində rayonun infrastrukturuna, 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil müəssisəsinə, 10 tibb müəssisəsinə, 7 mədəniyyət müəssisəsinə, məscid və inzibati binalara, 83 çoxmərtəbəli yaşayış və 5344 fərdi yaşayış evlərinə, 95 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına ziyan dəyib.
M.Məmmədov “Heydər Əliyev İli” çərçivəsində rayonda keçirilən və nəzərdə tutulan tədbirlər barədə də danışıb. Ümummilli Liderin müstəqil Azərbaycanın qurucusu, fenomen şəxsiyyət və dövlət başçısı olduğu, gənclərin onun siyasi fəaliyyətindən hələ çox şey öyrənməli olduqları vurğulanıb.
Gənclər Tərtər şəhərinin mərkəzi meydanında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər. Sonra Vətən müharibəsi zamanı ermənilərin Tərtərə atdığı qadağan olunmuş raketlərin qalıqlarına, Şıxarx qəsəbəsində şəhidlərin xatirəsinə salınmış “Vətən bağı”na, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə Şıxarx qəsəbəsində özləri tərəfindən ucaldılmış “Marağa 150” abidəsinin qalıqlarına baxıblar. Dövlət Rəmzləri muzeyində və Vətən müharibəsində ermənilər tərəfindən atılmış “smerç” raketi nəticəsində dağılmış və Sahib İsmayılova məxsus ev-muzeyində olublar.