CƏMİYYƏT
Tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi məqsədilə ictimai dinləmə keçiriləcək
Bakı, 16 yanvar, AZƏRTAC
Yanvarın 23-də ekoloji rəyin alınması, tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə keçiriləcək.
AZƏRTAC-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.
O qeyd edib ki, nazirliyin Dövlət Ekspertiza İdarəsində keçiriləcək ictimai dinləmələrdə layihə icraçıları, ictimaiyyət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, aidiyyəti ekspert-mütəxəssislər iştirak edəcəklər: “İctimai dinləmələrdə idarəyə təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunacaq, əhali üçün maraq kəsb edən məsələlərə diqqət yetiriləcək, yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirləri dinləniləcək”.
Nazirliyin sözçüsü bildirib ki, ötən ildən başlayaraq nazirliyə təqdim olunan bütün ekoloji layihələrə şəffaflığın təmin olunması və ictimaiyyətin məlumatlandırılması məqsədilə yalnız ictimai dinləmələrdən, maraqlı tərəflərlə müzakirələrdən sonra rəy verilir.