TRT-nin baş direktoru “Çingiz Aytmatov” qızıl medalı ilə təltif olunub
Ankara, 10 mart, AZƏRTAC
TRT-nin baş direktoru İbrahim Eren Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təsis etdiyi “Çingiz Aytmatov” qızıl medalı ilə təltif olunub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlər Ankarada TÜRKSOY-un mənzil qərargahında tanınmış yazıçı və şairlərin, elm və mədəniyyət xadimlərinin iştirakı ilə təqdimat mərasimi keçirilib.
Əvvəlcə TÜRKSOY-un fəaliyyətini, ardınca isə TRT AVAZ kanalının türk dünyası ilə bağlı hazırladığı film nümayiş olunub.
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov baş direktorun məqsədyönlü fəaliyyətini yüksək dəyərləndirib. Bildirib ki, onun rəhbərliyi ilə TRT türk dünyasının mədəniyyətinin təbliğində böyük işlər görür.
Təltif olunduğu medalı daşımaqdan qürur duyduğunu ifadə edən İbrahim Eren TRT-nin bundan sonra da türk dünyasına əzmlə xidmət edəcəyini bildirib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara