İQTİSADİYYAT
Tullantıların düzgün idarə edilməsində yeni yanaşmaların tətbiqinə dair təlimlər keçirilib
![](/files/galleryphoto/2023/2/1200x630/16910628792672120134_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16910628794927022112_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1691062880413931446_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16910628801033545679_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1691062880188389626_1200x630.jpg)
Bakı, 3 avqust, AZƏRTAC
Şagirdlərə tullantıların düzgün idarə edilməsində yeni yanaşmaların tətbiqinə dair təlimlər keçirilib.
“Təmiz Şəhər” ASC-dən AZƏRTAC-a bildirilib ki, ADA Universiteti və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə keçirilən 8-ci “Yay məktəbi”nin bağlanış mərasimi baş tutub.
Dörd həftə davam edən “Yay məktəbi”ndə iştirakçılar müxtəlif mövzularda təlimlərdə iştirak ediblər və şagirdlərə ətraf mühitin mühafizəsi, eləcə də tullantıların düzgün idarə olunması ilə bağlı ətraflı məlumat verilib.
Müxtəlif təhsil müəssisələrindən 40-dan çox şagirdin qatıldığı “Yay məktəbində” iştirakçılar üçün fərqli ixtisas və peşə sahibləri tərəfindən müxtəlif mövzularda nəzəri və praktiki təlimlər təşkil edilib.
“Təmiz Şəhər” ASC-nin istehsalatda çalışan təlimçiləri tərəfindən tullantıların düzgün idarə edilməsində yeni yanaşmaların tətbiqi və tullantının həm də səmərəli xammal olduğu barədə şagirdlərə ətraflı məlumat verilib. Təbii ehtiyatların azaldığı və ehtiyacların artdığı bir dövrdə tullantıların düzgün idarə edilməsi prosesində hər kəsin rol ala biləcəyi vurğulanıb.
“Yay məktəbi”ndə iştirak edən şagirdlər üçün “Təmiz Şəhər” ASC-nin nəzdində fəaliyyət göstərən “Tullantıdan sənətə” muzeyinə maarifləndirici tur təşkil olunub.
Sonda “Yay məktəbi”nin iştirakçılarına sertifikatlar təqdim olunub.