TÜRKİYƏ UNİVERSİTETLƏRİNİ BİTİRƏN AZƏRBAYCANLI MƏZUNLARLA GÖRÜŞ KEÇİRİLMİŞDİR
Bakı, 29 may (AZƏRTAC). Mayın 28-də Azərbaycanın Ankaradakı səfirliyində Türkiyə universitetlərini bu il bitirən azərbaycanlı məzunlarla görüş keçirilmişdir.
Qardaş ölkənun bütün şəhərlərindəki ali məktəblərdə təhsilini başa vuran gənclərlə görüşdə, Diaspor ilə İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov, Türkiyə Təhsil Nazirliyinin nümayəndələri, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Başar Kömür, Adana-Azərbaycan Kültür və Dayanışma Dərnəyinin rəhbəri Yaqub Bulut, Ceyhan bələdiyyəsinin başçısı Hüseyn Sözlü, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar və başqaları iştirak etmişlər.
Tədbirdə çıxış edənlər məzunları ali məktəbi bitirmələri münasibətilə tədrik etmiş, onlara uğurlar arzulamışlar. Görüş, Türkiyədə təhsilini, elmi fəaliyyətini davam etdirəcək və ya orada qalıb işləyəcək soydaşlarımızın diaspor işində fəallığının artırılmasına dair fikir mübadiləsi məqsədilə keçirilmişdir.
Bu il Türkiyə Universitetlərini bitirən azərbaycanlı məzunların təhsil aldıqları müddətdə bu ölkədəki diasporumuzun ən aktiv hissəsini təşkil etdiklərini nəzərə alaraq, bundan sonra da onların Turkiyədəki Azərbaycan diasporunun daha da güclənməsinə səy göstərmələri görüşün əsas müzakirə mövzusu olmuşdur.
V.Hacıyev çıxışında fəaliyyətini Türkiyədə və ya dünyanın hər hansı ölkəsində davam etdirmələrindən asılı olamayaraq, məzunlara diaspor hərəkatında fəal olmağı, Azərbaycan həqiqətlərini dünyada yorulmadan təbliğ etməyi, Azərbaycan dövlətinin mənafelərini hər zaman müdafiə etmələrini tövsiyə etmişdir.
Çıxış edən məzunlar da dünyanın harasında yaşamalarından asılı olmayaraq hər zaman Azərbaycan diasporunun güclənməsi məqsədilə çalışacaqlarını, diasporumuzun ən aktiv üzvləri olacaqlarını, Azərbaycan dövlətinin və azərbaycançılıq ideyasının ətrafında sıx birləşəcəklərini bildirmişlər.
Diaspor ilə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, görüşə bütün məzunlar təmsil etdikləri ali məktəbin geyim formasında qatılmışlar. Sonda ali məktəbi bitirmək əlaməti olaraq ənənəvi papaqatma mərasimi keçirilmişdir.
Görüşün rəsmi hissəsindən sonra tədbir Azərbaycanın xalq artisti Brilyant Dadaşovanın ifasında konsert proqramı və ziyafətlə davam etmişdir.