Türkiyədə keçirilən referendumun nəticələri vətəndaşların hökumətə dəstəyinin bariz göstəricisidir
Strasburq, 26 aprel, AZƏRTAC
AŞPA-da hər hansı fərqli fikirlər əməkdaşlıq və dialoq yolu ilə aradan qaldırılmalı, təzyiqə və aqressiv ünsiyyətə yol verilməməlidir. Belə yanaşma assambleyanın gələcəyi üçün vacib olan münasibətlərə xələl gətirəcək, təşkilata etimad itəcək.
Bu fikri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov bildirib.
Vüsal Hüseynov Türkiyədə keçirilən referendumda AŞPA müşahidə missiyasının üzvü kimi iştirak etdiyini və seçkinin demokratik, şəffaf, vətəndaşların aktiv iştirakı ilə keçdiyini söyləyib. O, Türkiyənin referendumdan sonra yeni idarəçilik modelinə keçəcəyini, ölkənin bir sıra yeni qanunvericilik və institusional islahatların astanasında olduğunu söyləyib. Deputat bu mərhələdə monitorinqin tətbiq edilməsinin səmərəli olmayacağını vurğulayıb.
Vüsal Hüseynov Türkiyə ilə bağlı qərar verərkən onun Avropa və region üçün əhəmiyyətini, təhlükəsizliyin təmin edilməsi, miqrantlarla bağlı problemlərin aradan qaldırılması istiqamətində gördüyü fəaliyyətin nəzərə alınmasının vacibliyini qeyd edib. Bildirib ki, vətəndaşların seçiminə hörmət edilməlidir. Türkiyədə keçirilən referendumun nəticələri vətəndaşların hökumətə olan dəstəyinin bariz göstəricisidir. O vurğulayıb ki, AŞPA bir Avropa ailəsi kimi fəaliyyət göstərməlidir. Təşkilat Türkiyəyə münasibətdə qərəzli olmamalı və ona bərabərhüquqlu üzv kimi münasibət göstərməlidir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq