COP29
Türkiyəli ekspert: COP29 Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinin göstəricisi oldu
İstanbul, 27 noyabr, Günel Karatepe, AZƏRTAC
İqlim dəyişikliyi və ətraf mühit məsələləri hər ötən gün dünyamızı ciddi şəkildə öz təsiri altına alır. Bu problemlərin yaratdığı olduqca ciddi mənfi təsirlərlə başda kənd təsərrüfatı olmaqla bir çox sahələrdə hər gün daha çox qarşılaşırıq. Bütün bəşəriyyəti narahat edən bu problemin həlli istiqamətində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi isə Azərbaycanın dünyamızın ortaq problemlərinə baxışını nümayiş etdirdi. Fikrimcə, burada əsas məqam odur ki, Azərbaycan bu miqyasda tədbirə uğurla ev sahibliyi edə bildi. Dünya liderlərinin Bakıda bir araya gəlməsi özü-özlüyündə mühüm hadisədir və bu tədbir, ilk növbədə, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinin göstəricisi oldu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin “Optimar” Araşdırma Mərkəzinin rəhbəri siyasi ekspert Hilmi Daşdemir səsləndirib. O deyib: “Hər birimizi narahat edən iqlim problemlərinin müzakirə olunduğu genişmiqyaslı bu platformanın Bakıda qurulması və tədbirdə verilən qərarlar Azərbaycanın bəşəri problemlərə qarşı göstərdiyi həssaslıqla yanaşı, ölkənin dünya miqyasında daha yaxşı tanınması və beynəlxalq məsələlərin həllində daha çox söz sahibi olması baxımından da olduqca mühümdür. Rəsmi Bakı hər ötən gün bütün sahələrdə dünya ölkələri ilə yarışır desək, yanılmarıq. Atılan doğru addımlar və uğurlu investisiyaları ilə Azərbaycan bu gün dünyada təsirini daha da artıran ölkələrdəndir. Bütün bunların fonunda Azərbaycanın dünya arenasında inkişafının bundan sonra da artan templə davam edəcəyi görünür”.