TÜRKPA-nın Baş katibi: Sabitliyin təmin olunmasında birgə fəaliyyət qaçılmazdır
Bakı, 1 iyul, AZƏRTAC
Gürcüstanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 67-ci plenar sessiyası keçirilir. Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən sessiyada məruzə ilə çıxış edib.
TÜRKPA-dan AZƏRTAC-a bildirilib ki, Baş katib TÜRKPA ilə QDİƏT PA arasında əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini, həmçinin süni intellekt məsələlərinin bu gün dünyada çox geniş yayıldığını deyib. O, bu prosesin dövlətlərarası münasibətlərin inkişafına, eyni zamanda, vətəndaşların rifahına müsbət təsir göstərməsi istiqamətində maksimal istifadə edilə bilməsi ilə bağlı həm TÜRKPA, həm də QDİƏT PA üzv ölkələrinin qanunverici strukturlarında və qanunlarda yeni düzəlişlərin edilməsinə ehtiyac olduğunu vurğulayıb.
Baş katib, həmçinin bütün müasir texnologiyalardan yalnız ölkələr arasındakı əlaqələrin inkişafı, Qara dəniz və Xəzər regionu münasibətlərinin yeni mərhələyə qədəm qoyması, o cümlədən bu gün bölgədə mövcud olan sülhün, təhlükəsizliyin, əmin-amanlığın qorunması üçün istifadə edilməsinin vacibliyini vurğulayıb. O, təhlükəsizliyin təmin edilməsi, eyni zamanda, ortaq təhdidlərə qarşı birgə mübarizənin aparılması kimi bir çox məsələlərdə parlamentarilərin və beynəlxalq parlament təşkilatlarının üzərinə xüsusi rol düşdüyünü qeyd edib. Baş katib, bölgədə sabitliyin təmin olunmasında TÜRKPA, QDİƏT PA və digər təşkilatların birgə fəaliyyətinin qaçılmaz olduğunu xüsusilə qeyd edib.