TÜRKSAM və DAK Xocalı soyqırımı ilə bağlı tədbir keçirmişlər
Ankara, 25 fevral (AZƏRTAC). Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə Türkiyə Strateji Araşdırmalar Mərkəzi (TÜRKSAM) və Dünya Azərbaycanlıları Konqresi (DAK) Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı tədbir keçirmişlər.
Xocalı soyqırımının ildönümü ilə əlaqədar çoxsaylı tədbirlərdə iştirak etmək məqsədi ilə Türkiyədə səfərdə olan DAK-ın üzvləri, Türkiyənin millət vəkilləri, səfirliyimizin əməkdaşları, diaspor təşkilatlarının təmsilçiləri, tələbələr, Ankara şəhər ictimaiyyəti və KİV nümayəndələri tədbirdə iştirak etmişlər.
TÜRKSAM-ın sədri Sinan Oğan rəhbərlik etdiyi təşkilatın Türkiyənin müxtəlif şəhərlərinin bələdiyyə məclislərində Xocalı soyqırımının tanınması istiqamətində xeyli iş gördüyündən, hər il Xocalı faciəsinin qurbanlarının xatirəsini anma mərasimləri keçirməklə kifayətlənilməməsindən və konkret addımların atılmasının zəruriliyindən bəhs etmişdir.
DAK-ın idarə heyətinin üzvü, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bütün türk dünyasının inkişafına əngəl yaratmaq məqsədi ilə tarix boyu həyata keçirilən planlardan bəhs etmiş, türk xalqlarının birləşməsinin zəruriliyini vurğulamışdır. Natiq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli prosesində ATƏT-in Minsk qrupunun fəaliyyətinin yarıtmaz olduğunu və Azərbaycanla Türkiyənin düşməninin bir olduğunu söyləmişdir.
Səfir Faiq Bağırov çıxışında Xocalı soyqırımına müxtəlif ölkələrdə siyasi-hüquqi qiymət verilməsinin əhəmiyyətindən, beynəlxalq hüquqi cinayət törətmiş Ermənistanın hələ də cəzalandırılmamasının bölgədə stabilliyə mənfi təsir göstərdiyindən bəhs etmişdir. Bildirmişdir ki, ölkəmiz Xocalı faciəsinin səbəbkarlarının lazımi hüquqi prosedura cəlb olunması istiqamətində iş aparır.
Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə Türkiyə Odalar və Borsalar Birliyi Universitetində (TOBB) də Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar professor və müəllim heyətinin, eləcə də, çoxsaylı tələbələrin iştirakı ilə anma mərasimi keçirilmişdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara