TUSİAB BÜTÜN MƏSƏLƏLƏRDƏ AZƏRBAYCANA DƏSTƏK VERİB VƏ BUNDAN SONRA DA VERƏCƏKDİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Həmid Bozqurd sədri olduğu qurumun on il əvvəl yaradıldığını qeyd edərək, birliyin bu illər ərzində Azərbaycanın iqtisadi inkişafı sahəsində bir sıra faydalı işlər gördüyünü nazirin diqqətinə çatdırdı. Qeyd etdi ki, TUSİAB Azərbaycana sərmayə qoymaq istəyən Türkiyə iş adamlarının psixoloji cəhətdən hazırlığı, yeni iş yerlərinin açılması, qaçqın və məcburi köçkünlərə yardımların göstərilməsi istiqamətində vacib tədbirlər həyata keçirir. Təkcə iqtisadi deyil, həm də siyasi məsələlərdə daim ölkəmizə dəstək olmağa çalışdığını vurğulayan TUSİAB-ın sədri, bu yaxınlarda kütləvi informasiya vasitələrində şişirdilmiş Türkiyə-Ermənistan sərhədinin guya açılacağı barədə məsələyə etiraz olaraq, ölkəsinin Xarici İşlər Nazirliyinə birlik adından məktub göndərildiyini xüsusi qeyd etdi.
Xarici işlər naziri Elmar Məmmədyarov görüşün Azərbaycan xalqı üçün əlamətdar bir tarixə - ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 81-ci ildönümü gününə təsadüf etdiyini diqqətə çatdıraraq, ulu öndərimizin Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və strateji əməkdaşlıq münasibətlərinin qurulmasında və möhkəmlənməsində əvəzsiz xidmətlərini diqqətə çatdırdı. Müstəqillik əldə etdikdən sonra ölkəmizin azad bazar iqtisadiyyatı, demokratik islahatlar yolunu tutduğunu və sahibkarlığın inkişafına geniş meydan açdığını qeyd edən nazir, xarici və yerli iş adamlarının fəaliyyəti üçün ölkəmizdə əlverişli şəraitin olduğunu bildirdi. Ölkəmizin bundan sonra da inkişafı üçün bir çox layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayan nazir Elmar Məmmədyarov, Qars-Tbilisi və Qars-Naxçıvan dəmir yolunun açılması üçün Türkiyə iş adamlarının dəstəyinin vacib olduğunu söylədi.
Qeyd olunan məsələyə böyük önəm verdiyini bildirən Həmid Bozqurd Naxçıvan-Ərzurum-İstanbul hava xəttinin açılması istəyində olduğunu və Türkiyə ilə Naxçıvan arasında uçuşların sayının həftədə iki dəfəyə qədər artırılmasının vacibliyini qeyd etdi.
Məsələnin nəzərdən keçiriləcəyinə əminliyini ifadə edən nazir, dövlətlərimiz arasında əlaqələrin bundan sonra inkişafı üçün ölkəmizin səylərini əsirgəməyəcəyini vurğuladı.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilmişdir.