ÜAK-DA RUSİYA NAZİRİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
ÜAK-ın, Azərbaycan diasporu nümayəndələrinin, tanınmış hüquqçuların, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının iştirak etdikləri görüşü ÜAK-ın vitse-prezidenti, icra aparatının rəhbəri Natiq Ağamirov açaraq, Konqresin son vaxtlardakı fəaliyyəti barədə məlumat verdi. Azərbaycan diasporunun Rusiyadakı parlament seçkilərində iştirakı üzərində ətraflı dayanaraq bildirdi ki, Rusiyada prezident seçkilərinə hazırlıq başlanmışdır və həmvətənlərimiz bu seçkilərdə Vladimir Putinin namizədliyini dəstəkləmək niyyətindədirlər.
İcra aparatının başçısı dedi ki, hazırda Konqres Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvaya qarşıdakı səfərinə hazırlaşır. Bu səfər çərçivəsində Azərbaycan diasporunun nümayəndələri ilə görüş nəzərdə tutulmuşdur. Vitse-prezident məmnunluqla vurğuladı ki, ÜAK ilk dəfə olaraq, Rusiya-Azərbaycan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının işinə iştirakçı kimi qoşulmuşdur.
Nazir Vladimir Zorin Konqresin fəaliyyətindən razılığını bildirərək dedi ki, ÜAK Rusiyadakı Azərbaycan diasporunun qarşısında duran vəzifələri uğurla yerinə yetirir, onun mənafelərini bütün səviyyələrdə qoruyur. O, başçılıq etdiyi nazirliyin Konqresi bundan sonra da dəstəkləyəcəyini bildirərək xüsusi vurğuladı ki, Rusiyadakı Azərbaycan diasporu ölkənin ictimai-siyasi həyatında çox fəal iştirak edir, Rusiya cəmiyyətinin inkişafına öz töhfəsini verir. V.Zorinin gətirdiyi statistik məlumatlara görə, Rusiyada yaşayan azərbaycanlıların 35 faizi tikintidə, 12 faizi sənayedə, 15 faizi kənd təsərrüfatında, 25 faizi xidmət və digər həyati əhəmiyyətli sahələrdə işləyirlər.
Rusiya naziri azərbaycanlıların hüquqlarının mühafizəsi məsələsinə toxunaraq, tam məsuliyyəti ilə bildirdi ki, Rusiyanın dövlət siyasəti və Prezident Vladimir Putinin siyasi xətti millətçiliyin və ekstremizmin hər hansı təzahürünə qarşı yönəlmişdir. Onun sözlərinə görə, millətlərarası münaqişələri qızışdıran şəxslərin yaxalanması və cəzalandırılması işini davam etdirmək lazımdır. O, ÜAK-ın Rusiya dövlət hakimiyyətinin müxtəlif strukturları ilə fəal əməkdaşlığından razı qaldığını bildirərək dedi ki, bütün mühüm məsələlərin həllində Konqresə hər cür dəstək verməyə hazırdır.
Sonda N.Ağamirov Azərbaycan hökuməti adından nazir V.Zorini respublikamıza işgüzar səfərə dəvət etdi. V.Zorin dəvəti məmnunluqla qəbul edərək, yaxın aylarda Bakıya gələcəyini bildirdi.