ÜAK-ın prezidenti Moskva merindən erməni gənclərinin mitinqinin keçirilməsinə yol verməməyi xahiş etmişdir
Moskva, 13 sentyabr (AZƏRTAC). Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) prezidenti, Rusiya Tibb Elmləri Akademiyasının və Rusiya Elmlər Akademiyasının akademiki Məmməd Əliyev Azərbaycan zabiti Ramil Səfərovun ekstradisiyası ilə bağlı qarşıdan gələn mitinq barədə Moskva şəhərinin meri Sergey Sobyaninə məktub ünvanlamışdır. Mitinq təşəbbüsü ilə özünü “Moskvanın Erməni Gənclər Assosiasiyası” adlandıran təşkilat çıxış etmişdir.
ÜAK-ın saytında yerləşdirilmiş məktubda deyilir: “Sosial şəbəkələrdə və erməni internet resurslarında Azərbaycan zabiti Ramil Səfərovun Macarıstanın hakimiyyət orqanları tərəfindən ekstradisiyası ilə bağlı 2012-ci il sentyabrın 14-də saat 13:00-da Moskvada, Krasnopresnenskaya zastava meydanında (“1905-ci il küçəsi” metrosunun yaxınlığında) etiraz mitinqinə çağırış və ona hazırlıq barədə informasiya yayılır.
Mitinqin təşkilatçısı “Moskvanın Erməni Gənclər Assosiasiyası” çıxış edir, bəzi informasiya resurslarında başqa qurumun - “Rus-erməni Birliyi”nin adı hallanır. Verilən informasiyaya görə, mitinq guya Moskvanın hakimiyyət orqanları ilə razılaşdırılmışdır və burada təkcə erməni diasporunun nümayəndələri deyil, həm də ictimai xadimlər, politoloqlar, Dövlət Dumasının deputatları iştirak edəcəklər.
180-dən çox etnosun birlikdə yaşadığı Rusiya dünyanın ən çoxmillətli dövlətlərindən biridir. Rusiya Federasiyasının rəhbərliyi Rusiya cəmiyyətində millətlərarası həmrəyliyin qorunub saxlanmasına xüsusi diqqət yetirir.
Prezident V.V.Putin Millətlərarası Münasibətlər üzrə Şuranın iclasında çıxış edərək vurğulamışdır: “Millətlərarası harmoniyanın dəstəklənməsi, potensial münaqişəli vəziyyətlərin operativ və qüsursuz tənzimlənməsi və tolerantlığın təbliği hakimiyyətin bütün səviyyələrinin fəaliyyətində prioritet olmalıdır.
Millətlərarası münasibətlər daha ölçülüb-biçilmiş və həssas yanaşma, habelə millətlərarası xarakterli münaqişələrin Rusiya torpağına gətirilməsinin yolverilməzliyini tələb edir. Ümumrusiya Azərbaycan Konqresi həmin vəziyyəti Rusiya cəmiyyətində sülhün və həmrəyliyin dəstəklənməsi siyasətinə zidd olan potensial təhlükə kimi nəzərdən keçirir.
Rusiya Federasiyasının çoxsaylı Azərbaycan diasporu adından Sizdən belə bir mitinqin keçirilməsinin qarşısının qətiyyətlə alınmasını xahiş edirik. Mitinq təkcə Moskvada deyil, həm də Rusiya Federasiyasının bütün ərazisində azərbaycanlılar və ermənilər arasında millətlərarası münaqişələrin qızışması ilə nəticələnə bilər”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva