DÜNYA
Ukrayna ordusunun “Taurus”dan istifadə etmək üçün təlimi təxminən üç ay çəkəcək

Bakı, 24 sentyabr, AZƏRTAC
Uzaqmənzilli “Taurus” qanadlı raketləri istehsal edən MBDA müdafiə konserni hesab edir ki, Ukrayna hərbçilərinə bu silah sistemi ilə işləmək üçün təlimlər təxminən üç ay çəkəcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yaxın vaxtlarda Kiyevə “Taurus” raketləri gətirilsə belə, problem ukraynalı əsgərlərin uzunmüddətli təlim müddətində olacaq.
Bundan əvvəl “The Wall Street Journal” yazıb ki, ABŞ-ın Ukraynaya ATACMS taktiki raketlərini təhvil verməsi Berlini Kiyevə “Taurus” qanadlı raketləri verməyə razı sala bilər. Ukrayna üçün qanadlı raketlərin əhəmiyyəti onların Böyük Britaniya və Fransadan tədarükü azalmağa başlayandan sonra artıb.
Ukrayna uzun müddətdir ki, Almaniyadan “Taurus” qanadlı raketlərini təhvil verməsini xahiş edir, lakin Almaniya Kansleri Olaf Şolz Ukrayna tərəfinin çağırışlarına hələlik təmkinlə cavab verib. O, silah tədarükü ilə bağlı bütün addımların xaric də daxil olmaqla tərəfdaşlarla razılaşdırıldığını dəfələrlə bildirib. Qeyd edib ki, Almaniyanın prioriteti Ukraynanı hava hücumundan müdafiə sistemləri və artilleriya sursatları ilə təmin etməkdir. Berlin hakimiyyəti Kiyevə “Taurus” raketlərinin tədarükü ilə bağlı qərar qəbul etməyə tələsmir.