UKRAYNA PREZİDENTİ ABŞ DÖVLƏT KATİBİ İLƏ GÖRÜŞMÜŞDÜR
Onlar son aylar ikitərəfli Ukrayna-Amerika münasibətlərinin inkişafında xeyli tərəqqi olduğunu razılıq hissilə qeyd etmişlər. V.Yuşşenko Ukraynaya qarşı ticarət-iqtisadi qadağaların ləğvi sahəsində ABŞ-ın addımlarını yüksək qiymətləndirmiş, Cekson-Venik düzəlişinin ləğv olunmasının vacibliyini vurğulamışdır.
İki ölkənin ticarət-iqtisadi münasibətləri görüşün əsas mövzularından biri olmuşdur. K.Rays qeyd etmişdir ki, Ukrayna və ABŞ ticarət-iqtisadi əməkdaşlığın sürətini bundan sonra da artırmalıdır. V.Yuşşenko demişdir: “Əmtəə və xidmətlər bazarlarına qarşılıqlı çıxış haqqında ABŞ ilə ikitərəfli protokol imzalandıqdan sonra ticarət münasibətlərinin dinamikasına yeni təkan verilmişdir”. Ukrayna rəhbəri bildirmişdir ki, görüşdə Ukraynanın Dünya Ticarət Təşkilatına üzvlüyə doğru yolunda tərəqqi müsbət qiymətləndirilmişdir.
Danışıqlarda ABŞ biznesinin iştirakı ilə birgə energetika layihələrinin mümkünlüyündən də söhbət getmişdir.
ABŞ-ın Ukraynanı bazar iqtisadiyyatlı ölkə kimi tanımasının perspektivi görüşün daha bir mövzusu olmuşdur. Kondoliza Rays demişdir: “Ukrayna lazımi tələblərə uyğun olan kimi, ABŞ ona belə status verəcəkdir. Ümidvaram ki, bu, tezliklə olacaqdır”.