Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan mini-futbol turnirinin qalibləri mükafatlandırılıb
Bakı, 10 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “İpək Yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin (İB) təşkil etdiyi mini-futbol turnirinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, mükafatlandırma mərasimində Azərbaycanın dövlət himni səsləndirilib, yarışla bağlı videoçarx nümayiş olunub.
İB-nin baş katibi Səxavət Kərimov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, dahi şəxsiyyətin Vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışıb. Vurğulayıb ki, Ulu Öndər fədakar və vətənpərvər fəaliyyəti ilə adını xalqımızın ictimai-siyasi fikir və dövlətçilik tarixinə qızıl hərflərlə yazdırıb. Ölkə həyatının bütün sahələrinin inkişafına böyük diqqət yetirən Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində istedadlı gənclərimizin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi onun mühüm xidmətlərindən sadəcə biridir.
Qeyd olunub ki, tariximizin əbədi şöhrətinə çevrilmiş dahi şəxsiyyət Heydər Əliyev sadəliyi, səmimiliyi, alicənablığı, vətənsevərliyi və digər yüksək insani keyfiyyətləri ilə hər bir vətənpərvər azərbaycanlının qəlbində unudulmaz izlər buraxıb. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından əvvəl Azərbaycan ərazi bütövlüyünün pozulması təhlükəsi, cəmiyyət həyatının bütün sahələrində ciddi böhran ilə üz-üzə qalmışdı. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkəmiz bütün bu problemlərdən üzüağ çıxaraq, dinamik inkişaf yoluna qədəm qoydu. Dahi rəhbərin sarsılmaz iradəsi və qətiyyəti, fədakar əməyi sayəsində müasir müstəqil Azərbaycan beynəlxalq aləmdə nüfuz qazandı, qətiyyətli mövqeyə sahib oldu. Bu gün güclü və sürətlə inkişaf edən müasir müstəqil Azərbaycan Ulu Öndərin xalqımıza bəxş etdiyi ən böyük mirasdır.
Son illər Azərbaycanın irimiqyaslı beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini bildirən baş katib ölkəmizdə “Bakı-2015” birinci Avropa Oyunlarının uğurla təşkil olunduğunu, gələn ay isə Bakının “Formula-1” üzrə Avropa Qran-prisinə ev sahibliyi edəcəyini diqqətə çatdırıb.
Mini-futbol turniri ilə bağlı da məlumat verən S.Kərimov yarışın gərgin idman mübarizəsi şəraitində keçdiyini bildirib, qalibləri təbrik edib.
“Kəpəz” futbol klubunun baş məşqçisi Şahin Diniyev yarışın əhəmiyyətini yüksək qiymətləndirib, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb, belə turnirlərin davamlı olmasını arzulayıb.
Yarış haqqında məlumat verən İB-nin İdarə Heyətinin üzvü və idman məsələləri üzrə əlaqələndiricisi Cavid Babayev qeyd edib ki, turnirdə 14 komanda arasında 39 oyun keçirilib. Oyunlar Bakı Tennis Akademiyasının stadionlarında təşkil olunub. O, komandaların qalib olmaq uğrunda gərgin mübarizə apardıqlarını vurğulayıb.
Turnirin qalibi “Tuna” komandası olub. “Halal” kollektivi ikinci, “Sintra” komandası isə üçüncü yeri tutub.
İlk üç yeri tutan komandalar kubok və xatirə hədiyyələri ilə təltif edilib. Yarışın digər iştirakçılarına isə xatirə plaketləri təqdim olunub.
Mərasim konsert proqramı ilə davam etdirilib.
“İpək Yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyi 2013-cü ildə təsis edilib. İB yerli şirkətlərin dünya ticarətinə qoşulmaları üçün bir sıra işlər həyata keçirir. Bunun üçün azərbaycanlı iş adamlarını dünya bazarı, xarici investorları isə yerli iş imkanları ilə tanış edir. Həmçinin yerli sahibkarların sərmayə risklərini də maksimum səviyyədə azaltmaqda yardımçı rolunu oynayır.