Ulu Öndərin 100 illiyinə həsr edilmiş “Vətən oğulsuz olmasın” kitabının təqdimatı olub
Bakı, 20 iyul, AZƏRTAC
İyulun 20-də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin nəşr etdirdiyi “Vətən oğulsuz olmasın” kitabı, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Naxçıvan Respublika Kitabxanasında təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi, daha sonra Hüseyn Cavidin məqbərəsi ziyarət olunub.
Təqdimatda çıxış edən, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Muzeyinin direktoru, şair-publisist Güllü Eldar Tomarlı bildirib ki, Ümummilli Lider Heydər Əliyev poeziyamızın inkişafında misilsiz xidmətlər göstərib. Bu da, həmin dövrün yazıçı və şairlərinin yaradıcılğında öz əksini tapıb. İstər yazarların, istərsə də, ədəbiyyatşünasların dayağı olan Ulu Öndər ədəbiyyata dərindən bələd olub və sözə daim sevgi ilə yanaşıb. Eyni dövrdə yaşayıb, yaratmış Xalq şairi Mirvarid Dilbazinin yaradacılığında xalqın qeyrətli oğlu Heydər Əliyev dühası xüsusi yer tutur.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan bölməsinin sədri Asim Yadigar bütün həyatını xalqına həsr edən Ulu Öndər Heydər Əliyevin milli mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində imzaladığı tarixi fərman və sərəncamların əhəmiyyətindən, elm və mədəniyyətimizin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Aygün Heydərli, Naxçıvan Muxtar Respublikası icra başçısının müavini Təhminə Mustafayeva, Milli Qəhrəman Yusif Mirzəyevin ailə üzvləri, şəhid Xansu Qurbanovun anası Yəmən Abbassova, şəhid İbrahim Vəlizadənin anası Kifayət xanım, keçmiş hərbçi Lilpar Qəzənfər, ''Dövlət və qanun'' qəzetinin redaktoru Yasəmən Möhübbətqızı, Naxçıvan televiziyanın əməkdaşları Ruhiyyə Rəsulova, Təranə Arifqızı, şairlərdən Güləmail Murad, Aləmzər Sadiqqızı Sevinc Səbzəliyeva, Alməmməd Eldaroğlu, Yadulla Zamanov, Ümbulbanu Musayeva, Tofiq Qəbul çıxış ediblər.
Tədbirdə həm də mədəniyyət, incəsənət, media nümayəndələri iştirak ediblər.