Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü Vyetnamda qeyd olunub
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Vyetnamda səfərdə olan Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti, Vyetnam Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının rəsmiləri, habelə Azərbaycan təhsil ocaqlarının vyetnamlı məzunları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov ümummilli lider Heydər Əliyevin həyat yolu və fəaliyyəti barədə ətraflı məlumat verib, Ulu Öndərin Azərbaycan xalqının taleyində əvəzsiz rol oynadığını bildirib. Qeyd edib ki, ümummilli lider Heydər Əliyev xalqımızı xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə apardığı uzaqgörən daxili və xarici siyasətin nəticəsi olaraq ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub. Səfir, həmçinin Heydər Əliyevin Azərbaycanla Vyetnam arasında əməkdaşlığın qurulmasındakı rolundan bəhs edib, bu xüsusda Ulu Öndərin 1983-cü ildə Vyetnama səfərinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Qeyd edilib ki, hazırda Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilib.
Tədbirdə iştirak edən Vyetnam Milli Assambleyasının deputatı, Elm və Texnologiyalar Assosiasiyaları Birliyinin vitse-prezidenti, Vyetnam-Azərbaycan Dostluq Qrupunun sədri Nghiem Vu Khai Heydər Əliyevin şah əsəri olan Azərbaycanın bugünkü sürətli inkişafının canlı şahidi olduğunu söyləyib. O, Ulu Öndərin Vyetnamın müharibədən sonrakı quruculuq işlərinə verdiyi töhfənin xalqının yaddaşından heç zaman silinməyəcəyini vurğulayıb. Nghiem Vu Khai Heydər Əliyevin dahi şəxsiyyət, tanınmış siyasətçi və müdrik dövlət başçısı kimi özündən sonra böyük irs buraxdığını deyib. O, Vyetnam xalqının Heydər Əliyevi hər zaman özü üçün böyük dost hesab etdiyini və onun xatirəsini dərin hörmətlə yad etdiyini diqqətə çatdırıb.
Tədbir çərçivəsində Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti və 1983-cü ildə Vyetnama rəsmi səfərini əks etdirən fotosərgi nümayiş etdirilib. Eyni zamanda, yazıçılar Hüseynbala Mirələmovun və Viktor Andriyanovun “Görkəmli adamların həyatı” seriyasından səfirliyin təşəbbüsü ilə Vyetnam dilində nəşr olunan “Heydər Əliyev” kitabı tədbir iştirakçılarına təqdim olunub.