ÜMUMRUSİYA AZƏRBAYCAN KONQRESİ ŞAYİƏLƏRİ TƏKZİB EDİR
ÜAK-ın icraçı direktoru Eldar Quliyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, “Exo” qəzetində guya ÜAK-ın Moskva şöbəsinin rəhbəri İlqar Hacıyevin bəyanatına istinadla dərc edilən “Moskva azərbaycanlılarından tək-tək gəzməmək və axşam saatlarından sonra şəhərə çıxmamaq xahiş olunmuşdur” sərlövhəli məlumatda deyilir ki, Hacıyev həmvətənlərimizə belə bir qəribə müraciət etmişdir. E.Quliyev demişdir: ”Belə hal olmamışdır və Konqresin nümayəndəsi də buna bənzər heç bir bəyanat verməmişdir. Moskvada vəziyyət tamamilə normaldır, paytaxtdakı azərbaycanlılara münasibətdə heç bir gərginlik müşahidə olunmur. Belə çağırış və müraciətlər üçün əsas yoxdur. Bakı mətbuatında gedən bu cür yazılar tamamilə əsassızdır və təbii ki, qohumları Moskvada yaşayan vətəndaşlarımızın narahatlığına səbəb olur”.
E.Quliyev Rusiyanı miqrantlardan təmizləməyə çağıran Dmitri Roqozinin üzdəniraq fəaliyyətinə toxunaraq bildirmişdir ki, Konqres mümkün olan bütün üsullarla onun hərəkətlərinə qarşı çıxır. O demişdir: ”D.Roqozinin başçılıq etdiyi partiya sarsıdıcı məğlubiyyətə uğramışdır, çünki Moskva məhkəməsi onu paytaxtın Dumasına seçkilərdə iştirak hüququndan məhrum etmişdir. Bu məsələdə Azərbaycan diasporunun da müəyyən rolu var. Biz mümkün olan bütün vasitələrlə ictimai səviyyədə onun fəaliyyətinə qarşı çıxacaq, miqrantlar əleyhinə şüarlar söyləmək cəhdlərinin qarşısını alacaq, qarşıdakı Dövlət Duması, habelə prezident seçkiləri ərəfəsində öz siyasətimizi davam etdirəcəyik”.