UŞAQLARA QAYĞI DÖVLƏT ƏHƏMİYYƏTLİ MƏSƏLƏDİR
Seminar iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə güllər qoymuşlar.
Şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev bildirmişdir ki, Azərbaycan BMT-nin “Uşaqların hüquqları”, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması” və sair konvensiyalarına qoşulmuşdur. Dövlət Komitəsi bu konvensiyalarda iştirak çərçivəsində 2006-2015-ci illərdə uşaqların mərhələli şəkildə bioloji, yaxud alternativ ailələrə qaytarılmasına dair Dövlət Proqramı hazırlamışdır. Bu, ciddi və tam müvafiq yanaşma tələb edən vacib sosial proqramdır. O vurğulamışdır ki, şəhərdə inklüziv təhsil üçün çox işlər görülür – xüsusi məktəb, idman-sağlamlıq mərkəzi tikilir.
Komitənin sədri Hicran Hüseynova demişdir ki, indi dövlət internat məktəblərində 21 min uşaq tərbiyə alır. Dövlətin qayğı göstərməsinə baxmayaraq, onların hərtərəfli inkişafı üçün ailə daha əlverişli mühitdir.
H.Hüseynova deinstitusionalizasiya Dövlət Proqramının məqsəd və vəzifələri haqqında ətraflı informasiya vermişdir.
Seminarda “Azərbaycan ailəsi və onun problemləri”, “Qadınların seçkilərdə iştirakı”, “Yetkinlik yaşına çatmayanların hüquqları və müdafiəsi”, “Rayon və şəhərlərdə inklüziv təhsilin həyata keçirilməsi imkanları”, “Erkən nikahlar, boşanmalar” və sair mövzularda məruzələr dinlənilmişdir.
Qeyd olunmuşdur ki, inişillə müqayisədə ötən il Sumqayıtda 1300-dən çox körpə dünya gəlmişdir və yalnız 7 ana öz körpəsindən imtina etmiş, 23 uşaq hamiliyə götürülmüşdür.
Seminarda ailənin möhkəmləndirilməsi ilə bağlı çoxlu maraqlı təklif, tövsiyə səslənmişdir. Millətin özünəməxsusluğu və mentalitetinin hifz olunmasına dair mühüm məsələlər təhlil edilmişdir.