ÜST: bir həftə ərzində dünyada koronavirusa yoluxma halları 12 faiz azalıb
Bakı, 16 iyun, AZƏRTAC
Ötən həftə dünyada 2.6 milyondan çox koronavirusa yoluxma halı və 72 mindən çox ölüm halı qeydə alınıb. AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadla xəbər verir ki, əvvəlki yeddi günlə müqayisədə yoluxma halları 12 faiz, ölüm halları isə 2 faiz azalıb. Bir həftə ərzində ən çox yoluxma (630 mindən çox) Hindistanda aşkar edilib.
ÜST-nin epidemioloji bülletenində qeyd edilir ki, yeni yoluxma və ölüm hallarının ümumi sayı azalmaqda davam edib: 7-13 iyun həftəsi ərzində 2.6 milyondan çox yoluxma və 72 mindən çox ölüm halları barədə məlumatlar daxil olub ki, bu da əvvəlki həftə ilə müqayisədə müvafiq olaraq 12 və 2 faiz azdır.
Bir həftə ərzində dünyada 2.655.782 yeni yoluxma halı və 72.528 ölüm halı qeydə alınıb. Pandemiyanın başlamasından bəri 13 iyun tarixinə qədər ümumilikdə 175.333.154 yoluxma və 3.793.230 xəstələrin ölüm halı qeydə alınıb.
Ötən həftə yoluxma halları ÜST-nin altı bölgəsindən beşində, o cümlədən Cənub-Şərqi Asiyada (27 faiz) və Avropada (13 faiz) azalıb, bununla belə artım Afrikada (44 faiz) qeydə alınıb. Ölüm halları Afrikada (20 faiz) və Cənub-Şərqi Asiyada (12 faiz) artıb, lakin xüsusilə Avropada (17 faiz) və Amerikada (7 faiz) azalıb.
ÜST-nin məlumatlarına əsasən, “narahatlıq doğuran variantlar”a aid edilən koronavirus ştamlarının yayılmasını dayandırmaq hələ ki, mümkün deyil. Xüsusilə, 2020-ci ilin sentyabrında Böyük Britaniyada aşkar olunan “Alfa” ştamı 172 ölkədə mövcuddur, bir həftə əvvəl onların sayı 161 idi. Sentyabr ayında Braziliyada aşkar olunan “Gamma” variantı, yeddi gündə coğrafiyasını 64-dən 68 dövlətə qədər genişləndirib. Hindistanda aşkar edildikdən sonra 2020-ci ilin oktyabrından bəri mütəxəssislərə məlum olan “Delta” ştamı, öz növbəsində, bir həftə ərzində altı yeni ölkəyə nüfuz edib və hazırda anda onların sayı 80-ə çatıb.