ÜST: COVID-19-u keçirən insanlar xəstələnməyənlərlə müqayisədə daha yüksək immunitetə malikdir
Bakı, 19 yanvar, AZƏRTAC
COVID-19-u keçirən, eləcə də həm peyvənd olunan, həm də xəstəliyə düçar olanlar, bir ildən sonra peyvənd olunmayan və xəstəliyi keçirməyənlərə nisbətən mümkün təkrar xəstəliyin ağır gedişindən daha yüksək immunitetə malikdirlər.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə ÜST nəticələri “The Lancet Infectious Diseases” jurnalında dərc olunan bir sıra tədqiqatlara istinad edərək bildirib.
ÜST izah edib ki, nəşrdə "COVID-19-a yoluxmanın nəticəsi olan immunitetin səviyyəsinə, həmçinin yoluxma və vaksinasiyanın nəticəsi olan hibrid adlanan immunitetin səviyyəsinə sistematik baxış" təqdim edilib. Məlumatda deyilir: "Təhlillər göstərir ki, hibrid immunitet insanlar COVID-19-u keçirəndən sonra vaksinasiyanın həyata keçirildiyi halda belə üstünlüklərini nümayiş etdirərək, daha yüksək müdafiəni təmin edir".
Alimlər bu nəticəyə 26 tədqiqat əsasında gəliblər. Onların sözlərinə görə, "peyvənd olunmayan və yoluxmaya məruz qalmayan insanlarla müqayisədə ciddi xəstəliklərdən və xəstəxanaya yerləşdirilmədən qorunma infeksiyanın nəticəsi olan hibrid immunitet və ya immunitetin yaranmasından 12 ay sonra yüksək olaraq qalır". ÜST vurğulayıb ki, insanın hibrid immunitet qazandıqdan bir il sonra, peyvənd olunmayan və xəstəliyi keçirməyənlərlə müqayisədə ciddi xəstəlik ehtimalı ən azı 95 faiz aşağıdır.
ÜST vurğulayıb ki, hibrid immunitet və ya keçirilmiş xəstəliyin nəticəsi olan immunitet sahiblərində təkrar yoluxmadan qorunma da "əhəmiyyətlidir". Birinci halda, xəstələnmə riski peyvənd olunmayan və COVID-19 keçirməyən insanlara nisbətən 42 faiz, ikinci halda isə - 25 faiz aşağıdır.