SİYASƏT
Vaqif Xaçaturyanın saxlanılması tam şəkildə beynəlxalq hüquq prinsiplərinə uyğundur- Şərh
Bakı, 30 iyul, AZƏRTAC
Ötən gün Laçın dövlət sərhədindən buraxılış məntəqəsində erməni cəlladı Vaqif Xaçaturyanın saxlanılması tam şəkildə beynəlxalq hüquq prinsiplərinə uyğundur. Belə ki, 30 il əvvəl azərbaycanlılara qarşı XX əsrin faciəsini törətmiş şəxsin saxlanılmasında əsas məqsəd onun illər əvvəl beynəlxalq axtarışa verilməsidir. İndiki məqamda isə o saxlanılıb və müvafiq qaydada da mühakimə olunacaq. Cinayətkarın sağlamlığını dilə gətirib şou quranlara deyilməlidir ki, V.Xaçaturyan hər cür tibbi yardım göstərilir. Eyni zamanda, da qanunun tələblərinə uyğun olaraq mühakimə də olunacaq. Digər mühüm məqam isə Xaçaturyanın vətəndaşlığı ilə bağlıdır. Belə ki, o 1955-ci ildə Azərbaycan ərazisində doğulub və vətəndaşlıqdan da çıxarılmayıb. Vətəndaşlığın torpaq prinsipini rəhbər tutaraq V.Xaçaturyanın Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə mühakimə olunması tam olaraq qanunidir.
Xaçaturyanın məhz Laçın dəhlizində tutulmasını əldə silah edən erməni KİV-nin bəyanatları heç bir real siyasi və hüquqi sübutlara söykənmir. Laçın yolu humanitar və köməyə ehtiyacı olan şəxslər üçün daim açıqdır. Lakin geniş mənada yoldan istifadə mülki ermənilərin, xüsusilə də qanunsuz silahlıların Azərbaycan hərbçilərinə bu yolda bir daha təxribat etməyəcəkləri təqdirdə açıla bilər. Lakin son təxribatın iştirakçısı həbs olunmayıb və məsuliyyətə cəlb edilməyib. Bu isə yolun bağlı qalmasını şərtləndirir.
Bu fikriləri AZƏRTAC-a açıqlamasında politoloq Amid Əliyev söyləyib.
Politoloq qeyd edib ki, beynəlxalq ictimaiyyətə və erməniləri dəstəkləyən dövlətlərə axtarışda olan şəxsin Azərbaycan tərəfindən saxlanılmasının sırf onun cinayət əməllərinə görə olmadığı geniş şəkildə təşviq olunmalı və KİV-də tirajlanmalıdır. Əslində ölkəmiz bu məsələdə də bir ilkə imza atdı. Belə ki, beynəlxalq təşkilatların görməli olduqları işi məhz yenidən Azərbaycan etdi. Xocalı soyqırımını törətmiş bir şəxs məhz Laçın yolunda saxlanıldı. Bu, o deməkdir ki, Qarabağda Vaqif Xaçaturyan kimi axtarışda olan neçə-neçə erməni hələ də yaşamağa davam edir. Separatçı rejim və Ermənistan hakimiyyəti onlara himayədarlıq edir, beynəlxalq təşkilatlar isə buna göz yumur.
"Baş vermiş bu hadisə onu göstərir ki, nə qədər müddət keçməsinə baxmayaraq, Azərbaycan xalqına qarşı cinayət işləmiş bütün şəxslər gec-tez məsuliyyətə cəlb olunacaq. Bu, həm də ərazidəki separatçılara və onun funksionerlərinə də bir xəbərdarlıq mesajıdır. Bundan tez nəticə çıxarıb təslim olmaları onların gələcəkdə amnistiya aktı ilə bağışlanması ehtimalını artıra bilər. Cinayətkarlar əks halda mütləq qaydada ya ərazidən çıxışda, ya da aparılan tədbirlərdə həbs olunacaqlar",- deyə A. Əliyev əlavə edib.