Vətəndaş cəmiyyətinin inkişafı və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 4-5-də ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının İsveçrənin Bazel şəhərində keçirilən 21-ci iclasında iştirakı çərçivəsində ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melia ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə vətəndaş cəmiyyətinin inkişafı və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Elmar Məmmədyarov Azərbaycanda vətəndaş cəmiyyətinin dinamik surətdə inkişaf etdiyini, dövlət tərəfindən bu sahənin inkişafına hərtərəfli dəstək göstərildiyini və ardıcıl demokratik islahatların həyata keçirildiyini qeyd edib.
İnsan hüquqlarından danışarkən nazir Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ən əsas hüquqlarından məhrum olan və etnik təmizləməyə məruz qalan bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarının bərpa edilməsinə lazımı diqqət yetirilməsinin vacibliyini vurğulayıb. O əlavə edib ki, azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan hüquqlarının qorunmasına dair fundamental beynəlxalq sənədlərdə təsbit olunmuş ən ümdə hüquqları, o cümlədən yaşamaq hüququ kobud şəkildə pozulub.
Beynəlxalq ictimaiyyətin bu məsələdə fəal mövqe nümayiş etdirməli olduğunu deyən nazir Elmar Məmmədyarov ABŞ-ın azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqları məsələsini müxtəlif formatlarda gündəmdə saxlamasının münaqişənin həllinə töhfə verə biləcəyini deyib.