Veteranlar üçün “Şahdağ” Turizm Mərkəzində istirahət turu təşkil olunub
Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 12-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvü olan bir qrup veteran üçün “Şahdağ” Turizm Mərkəzində bir günlük istirahət turu təşkil olunub.
AZƏRTAC xəbər verir ki, turda təşkilatın 40 nəfər üzvü iştirak edib.
Tur çərçivəsində veteranların rahat və mənalı istirahəti üçün hər cür şərait yaradılıb. Veteranların mərkəzdə fəaliyyət göstərən bütün əyləncə və istirahət obyektlərindən istifadə etmələri tam təmin olunub. Bakıdan “Şahdağ” Turizm Mərkəzinə gəlmək və geri dönmək üçün veteranlar nəqliyyat vasitəsi ilə də təmin ediliblər. Həmçinin veteranlarla “Şahdağ” Turizm Mərkəzinə təşkil olunmuş press-turda iştirak edən media nümayəndələrinin də görüşü keçirilib.
Görüş zamanı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə müdiri Kamal Əliyev veteranlar üçün yaradılan şəraitdən razılığını bildirib. Qeyd edib ki, dövlətimiz hər zaman veteranlara diqqət və qayğı göstərir.
Çıxış edən digər veteranlar da onlar üçü yaradılan şəraitə görə öz minnətdarlıqlarını bildiriblər.