VYANADA “TÜRK GÜNÜ” BAYRAMI QEYD EDİLMİŞDİR
Vyana, 1 iyun (AZƏRTAC). Mayın 31-də Vyanada “Türk günü” bayramı qeyd edilmişdir. “Avstriya Atatürkçü Düşüncə Dərnəyi”nin təşəbbüsü ilə ikinci dəfə qeyd edilən bayramda Avstriyada məskunlaşmış türklər, azərbaycanlılar və yerli sakinlər iştirak etmişlər.
Bayram iştirakçıları Vyananın ən böyük rayonlarından olan Favoriten rayonunda yerləşən Atatürk Mədəniyyət Mərkəzinin qarşısından yürüşə başlayaraq, şəhərin küçələrindən keçmiş, musiqi sədaları altında Türkiyə və Azərbaycanın bayraqlarını dalğalandırmış, onları maraqla seyr edən yerli sakinləri “Türk günü” bayramına dəvət etmişlər.
İzdihamlı yürüş həmin rayondakı geniş idman mərkəzinə yetişdikdən sonra, burada bayram şənliyi ilə davam etmişdir. İlk olaraq “İstiqlal” marşı, Azərbaycan və Avstriyanın dövlət himnləri səsləndirilmişdir.
“Avstriya Atatürkçü Düşüncə Dərnəyi”nin sədri Murat Yıldırım Barlan açılış nitqində vurğulamışdır ki, belə tədbirlərin məqsədi Avropada toplum halında yaşayan türklərdə birlik hissi aşılamaq, ölkə ictimaiyyətinə Avropa dəyərlərini qəbul edən çağdaş türk toplumunun varlığını göstərməkdir. Natiq qeyd etmişdir ki, avstriyalı dostlarla birgə təşkil edilən belə tədbirlər, eyni zamanda, Avropa ölkələrində müşahidə olunan zərərli stereotiplərin əsassızlığını nümayiş etdirir.
Bayram tədbirində Türkiyənin müxtəlif bölgələrinə məxsus xalq rəqsləri nümayiş olunmuş, türk və Avstriya musiqi qrupları çıxış etmiş, uşaqlar arasında əyləncə xarakterli yarışlar keçirilmişdir.
Avstriyanın futbol üzrə həvəskarlar liqasında mübarizə aparan “Ataspor” komandasının veteran və gənc futbolçulardan ibarət heyətləri arasında görüş keçirilmişdir.
Budəfəki “Türk günü”nün devizi “Bir-birimizə qarşı deyil, birlikdə olaq” devizi altında keçirilmişdir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
######
![]() |
![]() |
![]() |
![]() |



