WUF13-də şəhərlərdə həyat keyfiyyətinin artırılması yollarından bəhs olunub
Bakı, 20 may, AZƏRTAC
Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Öhdəlikdən təsirə – şəhərlərdə həyat keyfiyyətinin vahid birlikdə təkmilləşdirilməsi” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir BMT-nin bütün regional komissiyaları və UN-Habitat-ı bir araya gətirərək şəhərlərdə həyat keyfiyyəti üzrə ortaq və vahid yanaşmanın formalaşdırılmasına həsr olunub.
Müzakirələrdə sürətli urbanizasiya, mənzil problemləri, iqlim dəyişiklikləri və sosial bərabərsizliklər fonunda insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, tədbir BMT regional komissiyaları və UN-Habitat arasında WUF12-dən sonra davam etdirilən interregional əməkdaşlığın növbəti mərhələsini təşkil edir. Həmçinin şəhərlərdə həyat keyfiyyəti ilə bağlı hazırlanmış birgə sənədin nəticələri təqdim olunub. Bildirilib ki, sənəd şəhər inkişafı zamanı insanların həyat şəraitinin yaxşılaşdırılmasına dəstək məqsədi daşıyır.
Eyni zamanda UN-Habitat-ın 2023-cü ildə başlatdığı və Səudiyyə Ərəbistanının dəstəklədiyi Qlobal Həyat Keyfiyyəti Təşəbbüsünü tətbiq edən şəhərlərin təcrübələri paylaşılıb.
Vurğulanıb ki, bu təcrübələr şəhərlərdə qərarların daha düzgün verilməsinə, investisiyaların planlaşdırılmasına və bərabərsizliyin azaldılmasına kömək edir.
Sonda bildirilib ki, tədbir şəhərlərdə həyat keyfiyyətinin yaxşılaşdırılması üçün əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
Müxbir - Aynur Əlixanlı