Xaçmazda 1202 şagird buraxılış imtahanlarında biliyini sınayıb
Xaçmaz, 16 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 16-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan buraxılış imtahanlarında Xaçmaz rayonundan 1202 nəfər iştirak edib.
DİM-in Xaçmaz regional bölməsinin müdiri Faiq Nadiroğlu AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 5 mərkəzdə keçirilən imtahanlara 118 nəzarətçi müəllim, o cümlədən 16 imtahan rəhbəri cəlb olunub.
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanları saat 11:00-da başlayıb və 3 saat davam edib.
Pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Binaya daxil olan iştirakçıların məsafədənölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün prosesboyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.
Bu gün Xaçmazla yanaşı, Bakı şəhərinin Xətai, Xəzər, Yasamal rayonlarında, həmçinin Beyləqan, Gədəbəy, Göyçay, Göygöl, Masallı, Oğuz, Salyan və Tovuz rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.