Xaçmazda xüsusi karantin rejiminin tələblərinə ciddi riayət olunması ilə bağlı tapşırıqlar verilib
Xaçmaz, 27 mart, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələrini yerlərdə əhaliyə çatdırılması istiqamətində əməli tədbirlərin görülməsi, xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə riayət olunması, inzibati ərazi dairələri (İƏD) nümayəndəliklərinin və bələdiyyələrin vətəndaşlar arasında fərdi şəkildə maarifləndirmə işlərinin aparılması ilə bağlı tapşırıqlar verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin effektliyinin artırılması məqsədilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev inzibati ərazi dairə nümayəndələri ilə videobağlantı vasitəsilə müşavirə keçirib.
Bununla yanaşı, İƏD nümayəndələrinə hər bir ailənin, xüsusilə 65 yaşdan yuxarı olan insanların yaşadığı ailələrin nəzarətə götürülməsi, əhalinin sıx toplaşdığı ərazilərdə, parklarda, kənd mərkəzlərində, ictimai-iaşə obyektlərinə ciddi nəzarətin olması, təmas imkanlarının minimuma endirilməsi, vətəndaşların yalnız ciddi ehtiyac olduğu təqdirdə evdən çıxmaları müvafiq tapşırıqlar verilib. Parklarda olan oturacaqların götürülməsi, girişlərin məhdudlaşdırılması nəzərə çatdırılıb. Hər hansı bir neqativ hal baş verdiyi halda dərhal rayonda yaradılmış xüsusi qərargaha məlumat verilməsi qeyd edilib.
İcra başçısı hazırda müşahidə olunan həssas dönəmdə ölkə prezidentinin “daim vətəndaşın yanında olun” tapşırığına uyğun olaraq hər kəsin məsuliyyətli olmağa və tələb olunan qaydalara əməl edilməsində qüsursuz fəaliyyət göstərmələri barədə göstəriş verib.