XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞLƏR KEÇİRİLMİŞ, İMZALANMA MƏRASİMİ OLMUŞDUR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səmimi qəbula görə minnətdarlığını bildirən Mehdi Səfəri İran ilə Azərbaycan arasında əlaqələrin tarixi kökləri olduğunu vurğulayaraq, ölkəsinin xarici işlər naziri Kamal Xərrazinin salamlarını və dəvətini azərbaycanlı həmkarına çatdırdı. Ümummilli liderimiz Heydər Əliyevin Tehrana səfəri zamanı ikitərəfli münasibətlərə dair vacib sənədlərin imzalandığını bildirən Mehdi Səfəri, bir sıra iqtisadi layihələrin həyata keçməsi istiqamətində də birgə səylərin zəruriliyini qeyd edərək, energetika sahəsində dörd layihənin reallaşması üçün müəyyən işlərin görüldüyünü nazirin diqqətinə çatdırdı. Ölkələrimiz arasında ticarət, mal dövriyyəsini müsbət dəyərləndirən qonaq, bu sahədə ikiqat vergiqoyma ilə bağlı sazişin yekunlaşdırılmasının vacib olduğunu bildirdi. Naxçıvanın qazla təminatının gələn ilin qışından reallaşacağını qeyd edən iranlı diplomat, Astara-Culfa körpüsünün tikilməsi üçün bir sıra işlərin görülməsinin vacibliyini vurğuladı.
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan ilə İran arasında bir sıra mühüm sahələrdə, o cümlədən iqtisadi sahədə sözügedən layihələrin həyata keçirilməsi istiqamətində görülən işlərin təqdirəlayiq olduğunu xüsusilə qeyd etdi. Astara-Bakı şose yolunun da vacib olduğunu söyləyən nazir, İranın Naxçıvanla bağlı layihələrinin həyata keçirilməsi səylərini müsbət qarşıladığını bildirdi. Xəzərin hüquqi statusu ilə bağlı bu yaxınlarda Bakıda keçirilmiş beştərəfli, Moskvada isə xarici işlər nazirlərinin görüşünü mühüm qiymətləndirən nazir Elmar Məmmədyarov, Xəzərin sülh və dostluq dənizi olduğunu xüsusi qeyd edərək, bu sahədə mövqelərin bir sıra məsələlərdə yaxınlaşmasını müsbət addım kimi dəyərləndirdi və danışıqların ikitərəfli və çoxtərəfli formatlarda davam etdirilməsinin zəruriliyini vurğuladı.
X X X
Həmin gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı nümayəndəsi xanım Hlin Baldvinsdottir ilə görüşmüşdür.
Səmimi qəbula görə təşəkkürünü bildirən xanım Hlin Baldvinsdottir, ölkəmizdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin rəhbəri qismində yanvar ayından fəaliyyət göstərdiyini diqqətə çatdıraraq, bundan sonrakı fəaliyyəti ərzində səlahiyyətləri çərçivəsində səylərini əsirgəməyəcəyini qeyd etdi. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Amerika və Avropa məsələləri üzrə regional direktoru xanım Mej Van Roqonun ölkəmizə səfəri zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gedişində itkin düşmüş şəxslərin siyahısının Azərbaycan tərəfinə təqdim olunduğunu bildirən nümayəndəliyin başçısı, respublikamız üçün əhəmiyyətli olan bu məsələdə konkret nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu bildirmişdir. O, həmçinin bu məsələdə işğal olunmuş ərazilərə səfər etmək üçün mövcud çətinliklərin də nəzərə alındığını bildirdi. Azərbaycanda beynəlxalq humanitar hüquq sahəsində BQXK tərəfindən bir sıra seminarların keçirildiyini qeyd edən xanım Hlin Baldvinsdottir Müdafiə, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi və digər nazirliklərlə sıx əməkdaşlıq etdiyini nazirin diqqətinə çatdırdı.
Xarici işlər naziri Elmar Məmmədyarov xanım Hiln Baldvinsdottirə fəaliyyəti müddətində uğurlar diləyərək, münaqişə nəticəsində itkin düşmüş şəxslərin sonrakı taleyi və axtarılıb tapılmasında BQXK-nın öz səylərini artırmasının vacib olduğunu diqqətə çatdırdı. Nazir bu istiqamətdə işin sürətinin artırılması üçün, xüsusən itkin düşmüş şəxslərin hazırkı yerinin müəyyən edilməsi ilə bağlı siyahının tərtib olunmasının zəruriliyini bildirdi. İtkin düşmüş şəxslərlə bağlı məsələdə erməni tərəfinin də öz səylərini əsirgəməməsi məsələsinə toxunan nazir, BQXK-ya onların da şərait yaratmalarının vacib olduğunu qeyd etdi. Beynəlxalq humanitar hüquq sahəsindəki seminarların inkişafına gəlincə isə, nazir bu sahə ilə bağlı bir sıra nazirliklərlə sıx əməkdaşlıq aparılmasının zəruriliyini vurğuladı.
Görüşlərdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.
X X X
Elə həmin gün nazirlikdə 2003-cü il oktyabrın 9-da imzalanmış “Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə Əsas Çoxtərəfli Saziş”ə düzəlişlər haqqında Protokol”un Özbəkistan Respublikası adından imzalanması məqsədi ilə mərasim keçirilmişdir.
Sənədi Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Özbəkistan Respublikasının ölkəmizdəki səfiri Ədbüqafur Əbdürrəhmanov imzalamışlar.