Xəzər dənizindəki neft-qaz yataqlarında kompleks tədqiqatlar və monitorinqlər aparılıb
Bakı, 9 aprel, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və SOCAR-ın mütəxəssislərindən ibarət ekspedisiya qrupu Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi ilə Xəzər dənizində monitorinqlər aparıb.
Bunu AZƏRTAC-a ekspedisiya qrupunun rəhbəri Bəxtiyar Seyidov bildirib.
Onun sözlərinə görə, martın 31-dən aprelin 9-dək ekspedisiya qrupu tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda fəaliyyət göstərən “Bahar”, “8 mart”, “Ələt-dəniz”, “Bulla-dəniz”, “Ümid”, “Şahdəniz”, “Abşeron”, “Çıraq”, “Mərkəzi Azəri”, “Günəşli”, “Neft Daşları”, “Palçıq pilpiləsi”, “Çilov”, “Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə” neft-qaz yataqlarında kompleks tədqiqatlar və monitorinqlər keçirilib. Monitorinqlər zamanı 56 müxtəlif koordinat üzrə 219 su, qrunt, zooplankton, bentos və hava nümunələri götürülüb, dəniz üzərində atmosfer havasının çirklənmə vəziyyəti öyrənilib, hidrometeoroloji ölçmələr aparılıb, biomüxtəliflik tədqiq edilib.