Xidmət rəisi: Yaşıl iqtisadiyyatın inkişafında standartlaşdırmanın rolu ildən-ilə artır

Bakı, 14 mart, AZƏRTAC
“İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq istehlakçıların məlumat almaq hüququnun pozulması hallarında müvafiq şöbə tərəfindən pozuntuya yol verən şəxslər barəsində mütəmadi olaraq inzibati qanunvericiliyə uyğun tədbirlər həyata keçirilir”.
AZƏRTAC xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: çağırışlar və perspektivlər” adlı forumda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ölkəmizdə yaşıl enerji çevrilmələri, bərpaolunan enerji potensialı, külək və günəş enerji mənbələrindən istifadə mühüm əhəmiyyət kəsb edir.
“Məhz bu istiqamətlərdə, həmçinin istehsal proseslərində, sənaye, ticarət, səhiyyə, ekologiyanın mühafizəsi, energetika sahələrində texniki maneələrin aradan qaldırılması nəticəsində istehlakçı hüquqlarının qorunması üçün keyfiyyət infrastrukturunun düzgün yerinə yetirilməsinin, metrologiya və standartlaşdırmanın əhəmiyyəti böyükdür. Standartlar həyatımızın bütün sahələrində mövcuddur və fəaliyyətimizi asanlaşdırmaq, təşkilatların müvafiq qanun və qaydalara əməl etməsini təmin etmək, innovativ məhsulların bazara daxil olmasını sürətləndirmək və bir-biri ilə uyğunluğu təmin etmək üçün qlobal iqtisadiyyatda mühüm rol oynayır. Xüsusilə yaşıl iqtisadiyyatın inkişafında standartlaşdırmanın rolu ildən-ilə artmaqdadır. Standartlar elm və texnikanın son nailiyyətlərini özündə cəmləşdirir və ölkənin gələcək inkişafında böyük rol oynayır. Eyni zamanda standartlar qabaqcıl təcrübənin və mütərəqqi üsulların geniş yayılmasına da imkan yaradır”, - deyə xidmət rəisi əlavə edib.
Diqqətə çatdırılıb ki, son illər Azərbaycanda yaşıl iqtisadiyyat istiqamətində məhsul və xidmətlər bazarının sürətli inkişafı və bu sahədə rəqabətin kəskinləşməsi keyfiyyətin yüksəldilməsini, istehlakçılara daha keyfiyyətli məhsul və xidmət təqdim edilməsini labüd edir. Bu isə öz növbəsində yeni standartların hazırlanmasını və tətbiqini təşviq edir.