Xırdalanın Nizami Gəncəvi küçəsi yenidən qurulur
Xırdalan, 19 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Prezident İlham Əliyevin Sərəncamına əsasən Xırdalan şəhərinin Nizami Gəncəvi küçəsi yenidən qurulur. Əsaslı təmir işləri çərçivəsində küçəboyu köhnə asfalt-beton örtüyünün üst qatı yenisi ilə əvəzlənir, yolun hərəkət hissəsi genişləndirilir. Bununla yanaşı, piyada səkiləri yenidən qurulur, zəruri yerlərdə yeni piyada səkiləri tikilir, kənarlarına isə səki daşları düzülür.
Bunu AZƏRTAC-a Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quluyev bildirib. Nizami Gəncəvi küçəsinin ümumi uzunluğunun 1,6 kilometr, eninin isə 12 metr təşkil etdiyini deyən İ.Quluyev, layihənin sonuncu mərhələsində kanalizasiya quyularının qapaqlarının yenilənəcəyini, yol kənarlarına yeni yağış barmaqlıqlarının qoyulacağını, hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələrin quraşdırılacağını, yol-cizgi və yolgöstərici xətlərin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla, müasir yol infrastrukturu yaradılacağını diqqətə çatdırıb.
Bununla yanaşı, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən Xırdalan şəhərinin 5,1 kilometr uzunluğu olan Heydər Əliyev prospektində, ümumi uzunluğu 5,4 kilometr olan Hacı Zeynalabdin Tağıyev, Səttar Bəhlulzadə və Qalubiyyə küçələrində də oxşar təmir işləri aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.