Xocalı faciəsi qurbanlarının xatirəsi Batumidə yad edilmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar Azərbaycanın Batumidəki baş konsulluğunda anma mərasimi keçirilmişdir.
Baş konsulluqdan AZƏRTAC-a bildirmişlər ki, mərasimdə Acarıstan Muxtar Respublikasının (AMR) kənd təsərrüfatı naziri Donara Surmanidze, mədəniyyət nazirinin müavini Aida Abuseridze, Batumi şəhər şurasının deputatları, AMR hökumətinin əməkdaşları, Türkiyənin baş konsulu Turgu Ercan Özten, İranın baş konsulu Naser Buia, Ukraynanın konsulu Aleksandr Akimov, Ş.Rustavelli adına Batumi Dövlət Universitetinin (BDU) rektoru Alioşa Bakuridze, “Acariya” qəzetinin baş redaktoru Gennadi Tebidze, respublika ictimaiyyətinin və Azərbaycan icmasının nümayəndələri, həmçinin, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişlər.
Tədbiri açan baş konsul Hüseyn Nəcəfov Xocalı soyqırımının Azərbaycanın tarixinə qanla yazılmış faciə olduğunu bildirmiş, ermənilər tərəfindən xalqımıza qarşı tarix boyu törədilmiş vəhşiliklər barədə məlumat vermişdir. Qeyd etmişdir ki, Xocalı soyqırımına bu günədək dünya ictimaiyyəti tərəfindən siyasi-hüquqi qiymət verilməmişdir. Xocalı soyqırımına yalnız ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verildiyi, bu istiqamətdə Azərbaycan həqiqətlərinin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün məqsədyönlü tədbirlərin həyata keçirildiyi vurğulamışdır.
Tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra Azərbaycan icmasının rəhbəri Vidadi Axundov çıxış edərək bəşəriyyət tarixinin ən dəhşətli cinayətlərindən birini törətmiş erməni təcavüzkarlarının hələ də öz layiqli cəzalarını almadıqlarını bildirmişdir.
Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində hazırlanmış internet saytının təqdimatı olmuşdur.
BDU-nun müəllimi, hüquq elmləri doktoru, professor Rostom Quntaişvili saytın fəaliyyəti və məqsədi barədə məlumat vermiş və tədbir iştirakçılarını dünya dövlətlərinin rəhbərlərinə, beynəlxalq təşkilatlara ünvanlanacaq petisiyaya səs verməyə çağırmışdır.
Tədbirdə “Xocalıya ədalət” musiqi klipi, “Lider” telekanalı tərəfindən hazırlanmış “Vətən həsrəti, tükənməyən ümidlər”, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmiş “Dua” sənədli filmləri nümayiş etdirilmişdir.
Xocalı soyqırımı ilə əlaqədar hazırlanmış məlumat, “Xocalıya ədalət” klipinin diskləri və digər əyani vəsaitlər iştirakçılara edilmişdir.
Tədbirin sonunda Xocalı soyqırımını əks etdirən fotosərgiyə baxış olmuşdur.