Xocalı faciəsi qurbanlarının xatirəsi Qarsda anılmışdır
Ankara, 25 fevral (AZƏRTAC). Azərbaycanın Qarsdakı Baş konsulluğundan bildirmişlər ki, Qars şəhərində Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsinin önünə əklil qoymuşlar.
Baş Konsulluq Azərbaycan tarixinin ən dəhşətli və faciəli günü olan Xocalı soyqırımı barədə yerli əhali arasında təbliğat və təşviqat işlərini aparmaq məqsədilə ətraflı məlumatlar hazırlamış və yaxın vilayətlərin mətbuat orqanlarında işıqlandırılmışdır. Həmin məlumatlarda 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya ədalət” Beynəlxalq kampaniyası haqqında geniş məlumat verilmiş və insaların bu kampaniyaya dəstək vermələri istənilmişdir.
Müraciətlərə dəstək olaraq bir sıra yerli müəlliflər Azərbaycan xalqına qarşı törədilmiş vəhşilikləri qınayaraq hər kəsi yuxarıda adı çəkilən kampaniyaya dəstək verməyə çağırmışlar.
Baş konsulluğun binasında keçirilən tədbirdə Xocalı soyqırımında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Baş konsul Ayxan Süleymanov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, professor Vəli Baxşəliyev və İğdır vilayətində fəaliyyət göstərən Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin sədri Göksəl Gülbəy çıxış etmişlər. Natiqlər mərasim iştirakçılarına Xocalı faciəsi haqqında geniş məlumat vermiş, hazırda Ermənistanda rəhbər vəzifələrdə işləyənlərin və o dövrlərdə Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən insanların bu əməllərinə görə tezliklə cəzalandırılmasını tələb etmiş, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı kampaniyaya hər bir kəsin qoşulmasının zəruri olduğunu bildirmişlər.
Sonra baş konsulluğun əməkdaşları tərəfindən tədbir iştirakçılarına faciəni əks etdirən kitablar, broşürlər, həmçinin üzərində “Xocalıya ədalət” yazılmış köynəklər və digər təbliğat materialları paylanılmışdır.
Faciədən bəhs edən “Məhv olmuş şəhər” sənədli filmi və “Xocalıya ədalət” kampaniyası çərçivəsində çəkilmiş videoklip nümayiş olunmuşdur.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra Xocalı şəhidlərinin xatirəsinə ehsan süfrəsi açılmışdır.
Baş konsulluğun müraciəti əsasında Qars azərbaycanlılarının dini lideri, “İşıklı” məscidinin axundu Seyid Əhməd Ərdəm tərəfindən bu cümə günü şəhidlərin ruhuna Quran oxunmuş və dualar edilmişdir.
Tədbirdə Qars bələdiyyəsinin sədri Nevzat Bozkuş, Qafqaz Universiteti rektorunun müavini professor Hidayet Metin Erdoğan, Ədliyyə Komissiyasının sədri Tamer Keskin, yerli siyasi partiya rəhbərləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri, Qars Qafqaz Universitetində işləyən azərbaycanlı müəllimlər, tələbələr, eləcə də İğdırda fəaliyyət göstərən Əsilsiz Erməni İddiaları üzrə Mübarizə Dərnəyinin sədri və üzvləri, yerli ictimaiyyətin nümayəndələri, Qars və İqdır vilayətlərinin iş adamları iştirak etmişlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara