Xocalı qırğını xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Qafqaz Universitetində Xocalı qırğınının 19-cu ildönümünə həsr olunmuş “Tarixin Xocalı dərsi” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən universitetin rektoru, professor Əhməd Saniç bədnam ermənilərin törətdikləri vəhşiliklərdən danışmışdır. O bildirmişdir ki, Xocalı faciəsi XX əsrin ən qanlı hadisəsidir.
Milli Məclisin deputatı Jalə Əliyeva 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələrinin Xocalıda qırğınlar törətdiklərini, günahsız qanlar axıtdıqlarını diqqətə çatdırmışdır.
Ulu öndərimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verildiyini xatırladan J.Əliyeva, eyni zamanda, Xocalı hadisələri barədə dünya xalqlarına daha ətraflı məlumatlar çatdırılmasının zəruriliyini vurğulamışdır. O, Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyətini diqqətə çatdırmışdır. Natiq, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsləri ilə keçirilən “Xocalıya ədalət” Beynəlxalq kampaniyasının əhəmiyyətini xatırlatmışdır.
J.Əliyeva bildirmişdir ki, işğal olunmuş torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində tezliklə azad olunacaqdır.
Digər çıxış edənlər də Xocalı qırğınının xalqımızın qan yaddaşına əbədi həkk olunduğunu vurğulamışlar.
Sonra mövzu ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.