Xocalı şəhərindən olan rabitəçilərlə görüş keçirilib
Bakı, 25 fevral, AZƏRTAC
“Aztelekom” İstehsalat Birliyində Xocalı şəhərindən olan rabitəçilərlə görüş keçirilib.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, öncə Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, “Xocalı soyqırımı”ndan bəhs edən 10 dəqiqəlik film nümayiş olunub.
"Aztelekom" İB-nin baş direktoru Məhəmməd Məmmədov çıxış edərək bildirib ki, dünyanın ən qəddar və ən amansız terror hadisələrindən biri olan Xocalı soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları, ağlasığmaz vəhşiliklə öldürüblər.
M. Məmmədov deyib: “1993-cü ildə ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı haqqında həqiqətləri dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırmağa başladı. Prezident İlham Əliyevin tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən ardıcıl olaraq beynəlxalq aləmdə “Xocalıya ədalət” kampaniyası hər il daha çox ölkədə və daha kütləvi şəkildə həyata keçirilir”.
Xocalı sakinlərindən 70 yaşlı Əsli xanım, Birlyant Hacıyeva, Dürdanə Ağayeva çıxışları zamanı gec-tez öz ata yurdlarına qayıtmaq istədiklərini bildiriblər.
Tədbirin sonunda Xocalıda şəhid olmuş rabitəçilərin ailə üzvlərinə və Xocalı şəhərindən olan rabitəçilərə nazirlik tərəfindən maliyyə yardımı verilib.