“Xocalı soyqırımı: Şahidlərin dilindən” kitabı türk dilində işıq üzü görmüşdür
Bakı, 25 fevral (AZƏRTAC). “Elm və təhsil” nəşriyyatı Milli Məclisin deputatı Qənirə Paşayevanın və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Həvva Məmmədovanın “Xocalı soyqırımı: Şahidlərin dilindən” kitabını türk dilində buraxmışdır.
Kitabın məsləhətçiləri Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və İstanbuldakı baş konsulu Həsən Zeynalov, redaktoru Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri Əkbər Qoşalıdır. Faiq Bağırov nəşrə ön söz də yazmışdır. O, kitabı ədalətin bərpası yolunda Xocalı faciəsinin açdığı yaralarımıza çilənən su kimi xarakterizə etmişdir.
Müəlliflər sənədlərə, şahidlərin ifadələrinə əsaslanaraq XX əsrin ən dəhşətli cinayətlərindən birini ətraflı təsvir etmiş, onu yeni insanlıq faciəsi adlandırmışlar. Erməni qəddarlığını əks etdirən fotoşəkillərlə zəngin kitabda oxuculara soyqırımının nəticələri barədə məlumat verilir. Xatırladılır ki, həmin gecə 613 azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca vəhşicəsinə qətlə yetirilmişdir. Səkkiz ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, 76 uşaq şikəst edilmişdir. Dinc sakinlərdən 1275 nəfər əsir götürülmüşdür. Bu günədək 155 qadının aqibətindən xəbər yoxdur.
Kitabda faciənin xronikası, soyqırımı qurbanlarının siyahısı da verilmişdir.
Faciə şahidlərinin dedikləri soyqırımının dəhşətlərini gözlərimiz önündə canlandırır.
Nəşrdə Azərbaycan Respublikası Milli Məclisinin ABŞ Konqresinə müraciəti təqdim olunur, Dağlıq Qarabağ Muxtar Vilayəti, erməni terroru, Azərbaycanın işğal altındakı ərazilərində mövcud vəziyyət, problemin həllində Azərbaycanın mövqeyi haqqında məlumat verilir.
######
