“Xocalı soyqırımı” sərgi-müsabiqəsi başlanmışdır
Bakı, 25 fevral (AZƏRTAC). Xəbər verildiyi kimi, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən, 2011-ci ildə nazirlik Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə “Xocalı soyqırımı” mövzusunda respublika sərgi-müsabiqəsi elan etmişdir.
AZƏRTAC xəbər verir ki, fevralın 25-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda sərgi-müsabiqənin açılış mərasimi keçirilmişdir.
Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov və mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək XX əsrin ən dəhşətli cinayəti olan Xocalı faciəsinin səbəblərindən və ağır nəticələrindən, erməni terrorçu dəstələrinin əsrlər boyu “böyük Ermənistan” yaratmaq xülyası ilə xalqımıza qarşı apardıqları düşmənçilik və sui-qəsd siyasətindən danışmışlar. Bildirilmişdir ki, Azərbaycan rəssamlarının faciələrimizdən bəhs edən əsərlərinin sərgilənməsi xalqımızın başına gətirilən müsibətlərlə bağlı məlumatların beynəlxalq aləmə çatdırılmasına təkan verəcəkdir.
Diqqətə çatdırılmışdır ki, dörd nominasiya - rəsm və boyakarlıq, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət və müasir incəsənət nominasiyaları üzrə keçirilən müsabiqənin qaliblərinə pul mükafatları təqdim ediləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının mütəxəssislərindən ibarət münsiflər heyəti sərgi-müsabiqəyə təqdim olunmuş əsərləri qiymətləndirəcəkdir.
Müsabiqəyə ümumilikdə 125 əsər təqdim edilmişdir və onlardan 82-si iştirakçılara təqdim olunmuşdur.
Yaxın günlərdə müsabiqənin qalibləri məlum olacaqdır.
######
