Xocalı soyqırımının ildönümü Çexiyada qeyd edilmişdir
Praqa, 28 fevral (AZƏRTAC). Bu günlərdə Praqanın Sülh meydanından keçən hər kəs 19 il bundan əvvəl Azərbaycanın Xocalı şəhərində baş vermiş hadisələrdən xəbər tuta bilərdi.
Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində Çexiya paytaxtının mərkəzi meydanlarından biri olan Sülh meydanında anım tədbiri keçirilmişdir. Tədbir Azərbaycanın Praqadakı səfirliyinin dəstəyi ilə Çexiya Azərbaycanlılar Assosiasiyası tərəfindən təşkil edilmişdir.
Məxsusi olaraq bu aksiyada iştirak etmək üçün Praqaya gəlmiş professor Vaqif Arzumanlı tədbirə toplaşanlara müraciət edərək onlara minnətdarlığını bildirmiş və gələcəkdə bu cinayətlərin təkrarlanmasına yol verməmək üçün Xocalıda dinc sakinlərin qətlə yetirilməsində təqsirkarların cəzalandırılmasına nail olmağa çağırmışdır. Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə tədbirin təşkilatçılarına, eləcə də Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən Praqa sakinlərinə təşəkkürünü bildirmişdir.
Tədbirin sonunda o dəhşətli günlərdə Qarabağın Xocalı şəhərində öldürülənlərin hər birinin xatirəsinə ehtiram əlaməti olaraq 613 şam yandırılmışdır.
Ümumiyyətlə, Çexiya Azərbaycanlıları Assosiasiyası Xocalı faciəsi, bu hadisələr zamanı vəhşiləşmiş ermənilər tərəfindən yüzlərlə dinc sakinin - qadınların, uşaqların, qocaların qətlə yetirilməsi haqqında həqiqətin Çexiya ictimaiyyətinə çatdırılmasına yönəlmiş bu növ tədbirləri hər il keçirir. Assosiasiyanın fəalları bu soyqırımının tanınması barədə Çexiya hökumətinə və BMT-yə ünvanlanmış müraciət üçün imza toplamışlar.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa