XXXIII Yay Olimpiya Oyunları missiya rəhbərlərinin seminarı keçirilib
Bakı, 20 iyul, AZƏRTAC
Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunları missiya rəhbərlərinin seminarı keçirilib.
Bu barədə AZƏRTAC-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Tədbirdə ölkəmizi Azərbaycan nümayəndə heyətinin şef de missionu, Gənclər və İdman Nazirliyi İdman şöbəsinin müdiri Elnur Məmmədov və şef de missionun müavini, Azərbaycan Milli Olimpiya Komitəsi Xarici əlaqələr şöbəsinin müdiri Anar Bağırov təmsil ediblər.
Seminarda Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıq prosesi müzakirə edilib, Olimpiadanın açılış və bağlanış mərasimləri, tibb, nəqliyyat, yarışların keçiriləcəyi məkanlar, atletlər kəndi, akkreditasiya, atletlərin qeydiyyatı, yerləşdirilməsi və digər məsələlərlə bağlı ətraflı məlumat verilib, fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, gələn il iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarının açılış və bağlanış mərasimi unikallığı ilə fərqlənəcək. Belə ki, olimpiadalar tarixində ilk dəfə olaraq çay üzərində təşkil ediləcək paradda hər bir ölkə idmançıları gəmi ilə Sena çayı üzərindən keçəcəklər.