YAP Mərkəzi Aparatında Venesuela nümayəndəsi ilə görüş olub
Bakı, 4 aprel, AZƏRTAC
Aprelin 4-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov ölkəmizdə səfərdə olan Venesuela Bolivar Respublikası Milli Assambleyası sədrinin müavini, Venesuela-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri, Venesuela Vahid Sosialist Partiyasının Gənclər Təşkilatının üzvü Amerika Valentina Peres Davila ilə görüşüb.
Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bəxtiyar İslamov YAP Gənclər Birliyinin fəaliyyəti barədə ətraflı məlumat verib. O, partiyanın Gənclər Birliyinin beynəlxalq əlaqələrindən bəhs edərək müxtəlif ölkələrin siyasi partiyalarının gənclər təşkilatları ilə fəal əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. B.İslamov bu səfərin iki ölkənin gəncləri arasında əlaqələrin inkişafına təkan verəcəyinə ümidvar olduğunu bildirib.
Amerika Valentina Peres Davila Venesuela Vahid Sosialist Partiyasının Gənclər Təşkilatı haqqında ətraflı məlumat verərək Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ilə çoxşaxəli əməkdaşlığın qurulması istiqamətində birgə fəaliyyətə hazır olduqlarını bildirib. O, hər iki partiyanın gənclər təşkilatının beynəlxalq müstəvidə səmərəli işbirliyi imkanlarının olduğunu diqqətə çatdırıb.
Görüşdə gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.