YAP QADINLAR ŞURASI “ÖLKƏNİ XİLAS EDƏN BÖYÜK QAYIDIŞ” MÖVZUSUNDA TƏDBİR KEÇİRMİŞDİR
Bakı, 11 iyun (AZƏRTAC). Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Ölkəni xilas edən böyük qayıdış” mövzusunda tədbir keçirmişdir.
Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyulmuşdur.
YAP Xətai rayon təşkilatının qərargahında keçirilən tədbiri giriş sözü ilə açan Milli Məclis sədrinin müavini Bahar Muradova ümummilli lider Heydər Əliyevin xalqımızın qarşısında əvəzsiz xidmətlərindən danışmışdır. Bildirmişdir ki, müstəqil dövlətimizdə əldə olunan bütün nailiyyətlər ümummilli liderin adı və fəaliyyəti ilə bağlıdır. 1988-1992-ci illərdə ölkəmizin parçalanmaq təhlükəsi, millətimizin faciəli hadisələr ilə üzləşdiyini xatırladan B.Muradova qeyd etmişdir ki, xalqın təkidli tələbi ilə ulu öndərimiz Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra respublikada tam sabitlik, əmin-amanlıq bərqərar olmuşdur.
YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva xalqımızın böyük oğlu Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında, inkişafında və dünyada tanınmasında əvəzsiz rolundan bəhs etmişdir. O, müdrik dövlət xadimi Heydər Əliyevin şəxsiyyətinin böyüklüyündən danışaraq, ümummilli liderin ideyalarının əbədi yaşayacağını vurğulamışdır. Bildirmişdir ki, Heydər Əliyevin vəsiyyətləri milli quruculuq strategiyasıdır. Bu irsin mənası dövləti qorumaq və müasirləşdirməkdir. Ona görə istər siyasi təbliğatda, istər tədris və təhsildə, istərsə də elmi sahədə əsas diqqət bu cəhətlərə yönəldilməlidir. Yeni nəsil böyük rəhbər Heydər Əliyev şəxsiyyətindən milli quruculuq konsepsiyasını öyrənməlidir.
YAP Gənclər Birliyinin üzvü, Bakı Dövlət Universitetinin II kurs tələbəsi Sitarə Cabbarlı ulu öndər Heydər Əliyevin gənclərə qayğısından danışmışdır.
Tədbirdə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru Mehriban Alışanova, Milli Məclisin deputatı Elmira Axundova, parlamentin deputatı, YAP icra katibinin müavini Mübariz Qurbanlı çıxış edərək bildirmişlər ki, hakimiyyətə qayıtdıqdan sonra həyata keçirdiyi islahatlar, yeritdiyi siyasət nəticəsində Azərbaycanı bütün dünyaya tanıdan ümummilli lider Heydər Əliyevin gördüyü nəhəng işlər xalqımızın öz seçimində yanılmadığını sübut etdi. Sevindirici haldır ki, dahi öndərin ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, Azərbaycan xalqı onun rəhbərliyi altında xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayır.
Tədbir ədəbi-bədii kompozisiya ilə başa çatmışdır.