REGİONLAR
YAP Sumqayıt şəhər təşkilatının fəalları ahıllara yardım edirlər





Sumqayıt, 27 mart, Ətrrabə Rzayeva, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının Sumqayıt təşkilatının Gənclər Birliyi koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində növbəti sosial layihəyə başlayıb. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyi və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğu üçün Sumqayıt şəhər YAP fəalları və könüllüləri bu qəbildən olan tənha və ahıl yaşında sakinlərə yardım edirlər.
YAP Sumqayıt şəhər təşkilatının sədri, texnika elmləri namizədi Ramiz Hüseynov AZƏRTAC–a bildirib ki, artıq bir necə gündür ki, bizim fəallarımız və könüllülərimiz "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyası çərçivəsində tənha və ahılları, həmçinin köməyə ehtiyacı olan ailələri ziyarət edir, tibbi və gigiyenik vasitələr paylayırlar. Bununla yanaşı, vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyəti, ahıllarımıza virusa yoluxmamaq üçün xüsusi qaydalara riayət etmələri tövsiyə olunub. Gənclər gigiyena qaydalarına xüsusi diqqətlə yanaşmağın vacibliyini diqqətə çağırıblar.
“Partiyamızın sağlam düşüncəli gəncləri hər zaman ahıllarımızın yanında olduqlarını göstərərək onların xidmətində olduqlarını bildiriblər. Fəal gənclər və könüllülər yaşlı nəslin nümayəndələrinə özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə mütləq əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini diqqətə çatdırıblar. Nəcib aksiyanın əhəmiyyətini yüksək qiymətləndirən vətəndaşlar da öz növbələrində bu həssas zamanda, sosial məhdudiyyətin vacibliyini dərk edən ahıllara göstərilən diqqətə və qayğıya görə ölkə və YAP rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Ömrünün ahıl cağını yaşayan 100-dən çox şəhər sakini bu aksiyadan yararlanıb”, - deyə R. Hüseynov əlavə edib.
Aksiya martın 29-dək davam edəcək.