Yaponiya hökuməti koronavirusla mübarizə məqsədilə yeni işçi qrupu yaradıb
Tokio, 27 mart, AZƏRTAC
Yaponiya hökuməti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə yeni işçi qrupu yaradıb.
AZƏRTAC Yaponiya Nazirlər Kabinetinə istinadla xəbər verir ki, bu, yeni qəbul edilən qanun əsasında Yaponiyanın Baş Nazirinə fövqəladə vəziyyət elan etmək imkanı yaradacaq.
Yeni işçi qrupu mütəxəssislərin təklifləri ilə tanış olaraq, infeksiyanın yayılmasının qarşısını almaq və tibbi yardımın gücləndirilməsinə kömək etmək üçün rəhbər təlimatların layihələrini hazırlayacaq.
Hökumət ictimai sağlamlığa və iqtisadiyyata ciddi təsiri hiss edəcəyi halda, müəyyən ərazidə və müəyyən vaxtda fövqəladə vəziyyətin elan olunması ilə bağlı prosedurlara başlaya bilər.
Belə şəraitdə prefekturaların qubernatorları məktəblərin, insanların kütləvi şəkildə toplaşa biləcəyi obyektlərin bağlanması barədə göstəriş verə bilərlər. Həmçinin bu, yerli hakimiyyət orqanlarına sahibkarların icazəsi olmadan müəyyən tikililərdən və ərazidən fövqəladə vəziyyət üçün istifadə etmək səlahiyyəti verəcək. Onlar, şirkətləri lazımi avadanlığı və preparatları dövlətə satmağa da məcbur edə biləcəklər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio