Yaqut Qarayeva: Ölkəmizdə 850 mindən çox vətəndaş vaksinasiyanı tamamlayıb VİDEO
Bakı, 25 may, AZƏRTAC
Yanvarın 18-dən etibarən bu günədək ölkəmizdə COVID-19 əleyhinə 2 milyon dozaya yaxın vaksin vurulub, 850 mindən çox vətəndaş isə vaksinasiyanı tamamlayıb.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
“Bir il ərzində ölkəmizdə koronavirusa 300 mindən çox yoluxma qeydə alınıb. Yəni 300 mindən çox vətəndaş canlı virusla qarşılaşıb və immunitet qazanıb. Yanvardan bu günədək isə 1 milyona yaxın vətəndaşımızda peyvənd vasitəsilə immunitet formalaşıb”, - deyə Y.Qarayeva bildirib.
Departament müdirinin sözlərinə görə, Azərbaycan dünyada əhalisinin sayına yetəri qədər vaksin olan nadir ölkələrdəndir. Vaksin sayı ilə bağlı heç bir problem yoxdur. Vətəndaşların seçim imkanı var: “Ölkəmizdə üç müxtəlif şirkət tərəfindən istehsal olunan iki növ vaksin var. Yəni, həm inaktivasiya olunmuş bir, həm də vektor platformasında hazırlanan iki vaksin tətbiq olunur. Həmçinin üçüncü növ vaksin olan mRNT tipli peyvəndi də gözləyirik. Qarşıdakı günlərdə Biontech/Pfizer vaksini də Azərbaycana gətiriləcək”.