Yardımlı rayonunda baş verən yanğının söndürülməsi işləri davam etdirilir
Bakı, 6 iyul, AZƏRTAC
İyulun 5-də gecə saatlarında Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əhatə etdiyi Yardımlı rayonunun Bərican kəndi yaxınlığında çətin keçilən dağlıq meşə fondu ərazisində başlamış yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə bərabər Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi, helikopter və aviasiyası yanğın söndürülmə işlərinə cəlb olunub.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, havanın isti və küləkli olması yanğının tam söndürülməsində çətinliklər yaradır. Nisbi rütubətin 23 faiz, küləyin sürətinin saniyədə 14 metr olması və yüksək temperatur rejimi işlərin aparılmasına mane olsa da, yanğının söndürülməsi işləri davam etdirilir.
ETSN Fövqəladə Hallar Nazirliyinin qüvvələrinə dərin minnətdarlıq bildirir, eyni zamanda, rayon icra hakimiyyəti, Masallı, Yardımlı, Cəlilabad rayonlarının sakinlərinin yanğının söndürülməsinə köməyini xüsusi qiymətləndirir.
Qeyd edək ki, hazırda ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev nazirliyin yanğına qarşı səfərbər olunan qüvvələrinə rəhbərlik edir.