Yardımlıda arı ailələrinin sayı artıb
Yardımlı, 15 mart, Bağır Əliyev, AZƏRTAC
Yardımlı rayonunun iqtisadiyyatında əkinçilik və heyvandarlıqla yanaşı, arıçılıq da prioritet sahələrdən hesab olunur. Cari il yanvarın 1-dək rayonda 7023 arı ailəsi qeydə alınıb. Bunun 345-i kənd təsərrüfatı təyinatlı müəssisələrinin, 6678 arı ailəsi isə ailə kəndli təsərrüfatlarının mülkiyyətindədir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonda, ümumilikdə, 756 arı ailəsi artıb. Artım əsasən rayonun ailə kəndli təsərrüfatlarında qeydə alınıb. Hər arı ailəsindən orta məhsuldarlıq 10 kiloqramdır.
Ölkəmizdə “Arıçılıq haqqında” Qanun qəbul edildiyi dövrdən indiyədək nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsi nəticəsində Yardımlıda arı ailələrinin sayı son beş ildə 38,2 faiz artıb.
Arıçılıqla məşğul olan fermerlərə və məhsul istehsalçılarına subsidiyaların verilməsi, arıçılıq məhsullarının satış yarmarkalarının təşkil edilməsi bu sahənin inkişafına güclü stimul verir.
Ötən il rayonda hər arı ailəsinə görə 10 manat olmaqla, 377 ailə kəndli təsərrüfatına 62 min 140 manat subsidiya verilib.
Bu ilin əvvəlindən Yardımlıda arıçılıqla məşğul olan mülkiyyətçilərin informasiyalarının Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə işlənməsi işinə start verilib və yaxın vaxtlarda subsidiyaların verilməsinə başlanacaq.