Yardımlıda vətəndaşlara indiyədək 19 min 599 doza vaksin vurulub
Yardımlı, 31 may, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizin bütün bölgələrində olduğu kimi, Yardımlı rayonunda da əhalinin koronavirus infeksiyasına qarşı peyvənd olunması kampaniyası uğurla davam edir. Vətəndaşların vaksinasiyası Yardımlı Rayon Mərkəzi Xəstəxanasının binasında xüsusi olaraq ayrılmış otaqlarda həyata keçirilir.
Yardımlı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Rasim Əkbərovun AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, indiyədək rayon sakinlərinə 19 min 599 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 11 min 615, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 7 min 984 nəfərdir.
Yaş qrupları üzrə indiyədək Yardımlı rayonunda 65 yaşdan yuxarı vətəndaşlara 2 min 879, 50-65 yaş arasında vətəndaşlara 7 min 453, 50 yaşadək vətəndaşlara isə 9 min 267 doza vaksin vurulub.
Rayonda koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi davam edir.