Yarımavtomat çeşidləmə və bərk məişət tullantılarının yandırılması zavodu iyunda işə salınacaqdır
Bakı, 30 may (AZƏRTAC). Mayın 30-da “Təmiz şəhər” ASC və “EKO-REAL” MMC-nin təşkilati dəstəyi ilə “Qala” Mədəniyyət-Tarix Mərkəzində “Bərk məişət tullantılarının rasional idarə olunması” adlı treninq keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Təmiz şəhər” ASC-nin layihələrin idarə olunması və ictimaiyyətlə əlaqələr şöbəsinin direktoru Oqtay Məmmədov qurumun işindən, Bakıda tullantıların idarə olunması üzrə bir sıra əhəmiyyətli layihələrin həyata keçirilməsindən, bu prosesdə ictimaiyyətin rolundan söz açaraq, tullantılardan təkrar istifadənin əhəmiyyətini vurğulamışdır. Treninq iştirakçılarına bərk məişət tullantılarının toplanması, daşınması və zərərsizləşdirilməsi barədə informasiya verilmişdir. Onlar Qala qəsəbəsində həyata keçirilən təcrübi layihələr barədə məlumatlandırılmışlar.
Oqtay Məmmədov vurğulamışdır ki, bərk məişət tullantılarının təkrar emalı zavodunu 2012-ci ilin sonunda işə salmaq nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planı” icra olunur. Onun çərçivəsində 2009-cu ildə Balaxanı qəsəbəsində layihə gücü 500 min ton olan bərk məişət tullantılarının təkrar emalı zavodunun ( layihənin ümumi dəyəri 41,5 milyon dollardır. Həmin məbləğin, bunun 29,5 milyon dolları Dünya Bankı tərəfindən verilmişdir) özülü qoyulmuşdur. Zavod , həmçinin 231,5 milyon kilovat/saat həcmində alternativ enerji hasil edəcəkdir. Zavod dördüncü nəsil ən müasir “4G” texnologiyalarla təchiz edilmişdir və istehsal gücünə görə Şərqi Avropada və MDB məkanında ən iri belə müəssisədir.
O.Məmmədov bildirmişdir ki, Balaxanı qəsəbəsində layihə gücü 200 min ton olan yarımavtomat çeşidləmə və bərk məişət tullantılarının yandırılması zavodunun işə salınması üzrə işlər başa çatmaq üzrədir. Zavodu iyunda işə salmaq nəzərdə tutulur.
Tədbirdə ekspert ekoloqlar, yerli icra hakimiyyətinin, yerli bələdiyyənin nümayəndələri, ağsaqqallar, jurnalistlər, ekologiya təşkilatlarının təmsilçiləri iştirak etmişlər.