Yekaterinburqda Heydər Məmmədəliyev mükafatı uğrunda turnir keçirilib
Bakı, 30 yanvar, AZƏRTAC
Yekaterinburqda Əməkdar İdman Ustası Heydər Məmmədəliyevin mükafatı uğrunda yunan-Roma güləşi üzrə IX açıq Ümumrusiya turniri keçirilib. Turnirdə Rusiyanın müxtəlif regionlarından və yaxın xarici ölkələrdən idmançılar iştirak ediblər.
Turnirin açılış və mükafatlandırma mərasimlərində Azərbaycanın Yekaterinburqdakı baş konsulu vəzifələrini icra edən İlqar İsgəndərov, Sverdlovsk vilayətinin bədən tərbiyəsi, idman və gənclər siyasəti naziri Leonid Rapoport, beynəlxalq dərəcəli hakim Sergey Novakovski, Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) “Azərbaycan” Sverdlovsk vilayət ictimai təşkilatının rəhbəri Şahin Şıxlinski iştirak ediblər.
Qaliblərə Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu və ÜAK-ın “Azərbaycan” Sverdlovsk vilayət ictimai təşkilatı adından xatirə hədiyyələri təqdim edilib.
Yunan-Roma güləşi üzrə turnir 2009-cu ildən keçirilir. Heydər Məmmədəliyev yunan-Roma güləşi üzrə Əməkdar İdman Ustası, Rusiya və dünya çempionu, Afina Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Yekaterinburq